Mart ayının 3-cü dekadasının əsas aqrometeoroloji xüsusiyyətləri

Dekadalıq orta temperaturun çoxillik norma ilə müqayisəsi
Dekadalıq yağıntının çoxillik norma ilə müqayisəsi
   Respublikanın əksər bölgələrində mart ayının üçüncü ongünlüyü əsasən yağıntılı hava şəraiti və temperaturun çoxillik iqlim normasından 1-2°C yüksək olması ilə səciyyələnmişdir.
   Maştağa aqrometeoroloji stansiyasının məlumatlarına əsasən havanın dekadalıq orta temperaturu 9.0°C təşkil etmişdir ki, bu da çoxillik iqlim normasından 2°C yüksəkdir. Havanın minimum temperaturu 5°C, torpaq səthinin minimum temperaturu 3°C olmuşdur. Havanın orta nisbi rütubəti 78%,orta rütubət çatışmazlığı 3 hPa təşkil etmişdir. Dekada ərzində yağıntıların miqdarı 5 mm olmuşdur. Küləyin maksimum sürəti 1 gün ərzində 28 m/san qeydə alınmışdır.
   Lənkəran – Astara bölgəsində havanın dekadalıq orta temperaturu 9-11°C təşkil etmişdir ki, bu da əsasən çoxillik iqlim normasından 1-2°C yüksəkdir. Havanın minimum temperaturu 5-6°C, torpaq səthinin minimum temperaturu isə Biləsuvarda 1°C olmuşdur.Havanın orta nisbi rütubəti 72-89% ,orta rütubət çatışmazlığı 2-3 hPa arasında dəyişmişdir. Ən çox yağıntı Yardımlıda 15 mm, Astarada 12mm, Göytəpə və Lənkəranda 11 mm təşkil etmişdir.Dekada ərzində küləyin maksimum sürəti 3 gün Biləsuvarda 22 m/san, Yardımlıda 2 gün 22 m/san, Astarada 1 gün 19 m/san qeydə alınmışdır
   Quba - Xaçmaz bölgəsində havanın dekadalıq orta temperaturu 5-7°C təşkil etmişdir ki, bu da əsasən çoxillik iqlim normasından 1-2°C yüksəkdir. Havanın minimum temperaturu 2-3°C, orta nisbi rütubət 80%, orta rütubət çatışmazlığı 2hPa arasında dəyişmişdir. Yağıntının dekadalıq miqdarı 4-6 mm təşkil etmiş, küləyin maksimum sürəti 1 gün Qubada 15 m/san qeydə alınmışdır.
   Aran rayonlarında havanın dekadalıq orta temperaturu 9-10⁰C təşkil etmişdir ki, bu da əsasən çoxillik iqlim normasından 1⁰C yüksəkdir. Havanın minimum temperaturu Cəfərxan və Zərdabda 2-5⁰C, torpaq səthinin minimum temperaturu isə Cəfərxanda 0⁰C olmuşdur. Havanın orta nisbi rütubəti 60-70%, orta rütubət çatışmazlığı 3-4 hPa arasında dəyişmişdir. Ən çox yağıntı Yevlaxda 20 mm, Zərdabda 18 mm, Beyləqanda 14 mm olmuşdur. Küləyin maksimum sürəti Sabirabad və Yevlaxda 13 m/san qeydə alınmışdır.
   Şəki-Zaqatala bölgəsində havanın orta temperaturu 7-8˚C olmuşdur ki, bu da əsasən çoxillik iqlim normasına yaxın, bəzi yerlərdə isə 1˚C yüksəkdir. Havanın minimum temperaturu 3-10˚C, torpağın minimum temperaturu Zaqatalada -1˚C qeydə alınmışdır. Ən çox yağıntı Balakəndə 52 mm, Oğuz və Qəbələdə 46 mm, Zaqatalada 42 mm, Şəkidə 39 mm müşahidə olunmuşdur. Nisbi rütubət 71-76 % , rütubət çatışmazlığı 3-4hPa arasında dəyişmişdir. Küləyin maksimum sürəti Şəkidə 12 m/san qeydə alınmışdır.
   Şirvan və Dağlıq Şirvan bölgələrində havanın dekadalıq orta temperaturu 6-10°C təşkil etmişdir ki, bu da çoxillik iqlim normasından 1-2°C yüksəkdir. Havanın minimum temperaturu Mərəzə və Şamaxıda -1-0°C, torpaq səthinin minimum temperaturu Göyçayda 1°C qeydə alınmışdır.Havanın orta nisbi rütubəti 78-82% , orta rütubət çatışmazlığı 2-4 hPa arasında dəyişmışdır. Ən çox yağıntı Göyçayda 27 mm,Şamaxıda 25 mm, Mərəzədə 16mm qeydə alınmışdır. Dekada ərzində küləyin maksimum sürəti 1 gün Mərəzədə 20 m/san olmuşdur.
   Gəncə-Qazax və Bərdə-Tərtər bölgələrində mart ayının üçüncü dekadası yağıntılı hava şəraiti ilə səciyyələnmişdir. Havanın dekadalıq orta temperaturu Gəncə-Qazaxda 7-9⁰C, Bərdə-Tərtərdə 9-11⁰C yə yaxın olmuşdur ki, bu da əsasən Gəncə-Qazaxda çoxillik iqlim normasına yaxın, Bərdə-Tərtərdə isə 1⁰C yüksəkdir. Havanın minimum temperaturu Gəncə-Qazaxda -6;4⁰C, Bərdə-Tərtərdə 3⁰C, torpağın minimum temperaturu Gəncə-Qazaxda -1;4⁰C olmuşdur. Ən çox yağıntı Qazaxda 36 mm, Gədəbəydə 31 mm, Goranboyda 25 mm qeydə alınmışdır. Orta nisbi rütubət Gəncə-Qazax bölgəsində 52-82%, Bərdə-Tərtər bölgəsində 70-72%, orta rütubət çatışmazlığı 2-5 hPa arasında dəyişmişdir. Dekada ərzində küləyin maksimum sürəti 3 gün ərzində Qazaxda 36 m/san, 7 gün ərzində isə Goranboyda 25 m/san qeydə alınmışdır.

   Payızlıq dənli bitkilər- Mart ayının üçüncü dekadasında havanın orta temperaturunun çoxillik iqlim normasından 1-2⁰C yüksək olması və yağıntılı hava şəraiti payızlıq dənli bitkilərin inkişafı üçün əlverişli olmuşdur. Qaraçala, Ucar, Zaqatala,Şəki, Bərdə və Tərtərdə bitkilərdə buğum bağlama, Beyləqan, Cəfərxan,Sabirabad,Quba və Göytəpədə gövdənin aşağı buğumunun yer səthinə çıxması fenoloji mərhələləri davam etmişdir.Biləsuvarda dənli bitkilərin bir sünbülündə sünbülçüklərin cəm sayı 27, inkişaf etməmiş sünbülçüklərin sayı 2 ədəd təşkil etmişdir.Dekadanın sonlarında bitkilərin boyu 39-56 sm olmuşdur. Zədələnmə qeydə alınmamışdır.
   Meyvə ağacları- Bir sıra aran və dağətəyi rayonlarda ərik, alma bitkilərində çiçəklənmə, alca, əncir, tut, gilas, fındıq,albalı kimi meyvə ağaclarında isə ilk yarpaqların acılması mərhələsi qeydə alınmış,Qaraçala və Göytəpədə üzüm kollarında şirə dövranının başlanması mərhələsi davam etmişdir.Göytəpədə kartof bitkisində göyərmə , Lənkəranda isə çay kollarında tumurcuqların və ilk yarpaqların acılması mərhələsi müşahidə edilmişdir.
   Otlaq bitkiləri və çoxillik otlar- Cəfərxanda yonca bitkisində birinci biçindən sonra otların boy atması mərhələsi davam etmiş, Şəki, Zaqatala, Xaçmazda gövdənin böyüməsi və yan budaqların çıxması, Acınohur və Ceyrançöldə yovşan,qırtıc və ceyranotu kimi otlaq bitkilərində yaz vegetasiyasının başlanması, göyərmə fenoloji mərhələləri müşahidə edilmişdir.