Atmosfer havasının avtomatik monitorinqi

  Atmosfer havasının çirklənməsinin monitorinqi Nazirlər Kabinetinin 2004-cü il 1 iyul tarixli 90 nömrəli qərarı ilə “ Ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq həyata keçirilir.
  Atmosfer havasının çirklənməsi üzərində müşahidələr stasionar və səyyar məntəqələrdə aparılır. Stasionar və səyyar məntəqələr hər bir şəhərin (yaşayış məntəqəsinin) sahəsi, relyefi, sənayenin inkişafı, səyyar tullantı mənbələri və əhalinin sayı nəzərə alınmaqla təşkil edilir.
  Ölkədə mövcud olan hava keyfiyyətinin monitorinq şəbəkəsi bir çox amillər baxımından müasir standartlara, beynəlxalq meyarlara cavab vermirdi. Ölçülən çirkləndiricilərin seçimi ictimai səhiyyənin tələblərinə uyğun deyildi, monitorinq ləng və zəhmət tələb edirdi. Buna görə də hava keyfiyyətinə dair cari monitorinq şəbəkəsinin modernizasiyası işlərinə başlanılıb. Belə ki, son dövrlər bu sahənin gücləndirilməsi istiqamətində işlər davam etdirilir.
  Azərbaycan Respublikasının Avropa İttifaqı ilə mövcud olan Fəaliyyət Planında atmosfer havasının monitorinqi sisteminin Aİ Direktivlərinə uyğun fəaliyyətinin mərhələlərlə təmin olunması nəzərdə tutulub. Öhdəlikdə fasiləsiz fəaliyyət göstərən üçüncü nəsil avtomatik məntəqələrin quraşdırılması tələb olunur. Bununla əlaqədar İsveçin OPSİS AB şirkətindən 1 ədəd onlayn rejimdə çalışan müşahidə məntəqəsi alınmışdır. Məntəqənin 2016-cı ilin may ayından etibarən H.Əliyev pr.10 ünvanında fəaliyyəti təmin edilmişdir. Hazırda hər gün bu məntəqədən atmosfer havasında PM10 (asılı hissəciklər), NO2, SO2, benzol, toluol, kselol kimi qaz birləşmələri və ozonun səviyyəsi üzrə monitorinq nəticələri alınır.


  Atmosfer havasının çirklənməsinin monitorinqi üzrə iri şəhərlərdə yerləşən müşahidə məntəqələrinin onlayn rejimdə çalışan müşahidə məntəqələri ilə əvəz olunması ETSN-nin qarşısında duran prioritet məsələlərdən biridir. Belə ki, 2019-cu il üçün nəzərdə tutulmuş İnkişaf Konsepsiyasına uyğun olaraq bir səyyar laboratoriya və atmosfer havasının monitorinqi üzrə 5 stasionar avtomatik stansiya alınmışdır. Bu stansiyaların 3 ədədi Bakı şəhərində, Gəncə və Sumqayıt şəhərlərində isə 1 ədəd olmaqla quraşdırılmışdır. Stansiyalar dünyada ətraf mühit üzrə analizator istehsalına görə öndə gedən “Thermo” (ABŞ) şirkətinin cihaz və avandanlıqları ilə komplektləşdirilmişdir. Stansiyalar şəhər fonu, nəqliyyat, sənaye profilli olaraq 3 istiqamət üzrə quraşdırılmış və hər stansiyanın profilinə uyğun analizatorlarla təchiz edilmişdir. Stansiyalardan fasiləsiz olaraq atmosfer havasından PM 2.5, PM 10, azot 4-oksid (NO2), azot 2-oksid, NOx, kükürd qazı (SO2), dəm qazı (CO), hidrogen sulfid (H2S), BTEX kimi qaz qarışıqları və ozonun yer səthində səviyyəsi üzrə nəticələri əldə olunur. Stasionar stansiyalardan daxil olan məlumatlar mərkəzi məlumat bazasında toplanılır, hava keyfiyyətinin qiymətləndirilməsi və digər məqsədlər üçün bazadan aidiyyatı üzrə istifadə edilir.
 Altıağac Milli Parkının ərazisində Xızı fon stansiyası Azərbaycan Respublikası tərəfindən 2002-ci ildə ratifikasiya edilmiş BMT-nin Avropa İqtisadi Komissiyasının “Böyük məsafələrdə havanın transsərhəd çirkləndirilməsi haqqında Konvensiya”nın tələblərinə uyğun olaraq 2012-ci ildən fəaliyyət göstərir. Məntəqədə mütəmadi olaraq yağış və anion- kationların (Cl-, SO4 2-, NO3-,Na+, K+, Mg2+, Ca2+, NH4+) təyini məqsədilə nümunələr götrülür, müvafiq analizlər aparılır. Hazırda məntəqədə yer səthində ozonun səviyyəsi və PM2.5 – dirsper hissəciklərinin monitorinqi həyata keçirilir.
şəkil4

Hava keyfiyyəti ötürücüsü

  “Avropa İttifaqının nümunəvi təcrübələri əsasında Azərbaycanda milli ekoloji monitorinq sisteminin təkmilləşdirilməsi” Tvinninq layihəsinin dəstəyi ilə 2018-ci ilin may ayında atmosfer havasında mövcud olan qazların və dispers hissəciklərin ölçülməsi məqsədi ilə hava keyfiyyət ötürücüsü əldə edildi. Hazırda cihazdan qaz birləşmələri (NO2, SO2, CO, O3 ) və dispers hissəciklər (PM 2,5 və PM10) üzrə monitorinq məlumatları əldə edilir.
şəkil5

Atmosfer yağıntılarının monitorinqi

  Atmosfer axını ilə çirkləndirici maddələrin ölkə ərazisinə transsərhəd daşınmalarına nəzarət edilməsi və atmosfer yağıntılarının fon tərkibinin öyrənilməsi məqsədi ilə ölkəmizin 6 bölgəsində - Abşeron yarımadası, Kür-Araz ovalığı, Kiçik Qafqaz, Böyük Qafqazın şimal-şərq, cənub yamacı və Lənkəran-Astara olmaqla 26 məntəqədə 11 göstərici üzrə (sulfat, nitrat, fosfat, ammonium, xlorid, hidrokarbonat, maqnezium, kalsium ionları, elektirik keçiriciliyi, codluq, və pH) aparılır. Monitorinq planına əsasən ildə 2 dəfə, qış fəslində (fevral və mart aylarında) Qırız, Damarçın, Daşkəsən, Şahdağ və Kəlvəz müşahidə məntəqələrindən dayanıqlı qar nümunələri götürülür və həmin nümunələrdə fiziki-kimyəvi analizlər aparılır.