Çöl Tədqiqat Ekspedisiya İşləri

Qar örtüyü üzərində aparılan müşahidələr və ümumi müqayisələr

 Son illərdə iqlim dəyişmələrinin təsiri nəticəsində Respublikanın su ehtiyatlarının qidalanmasında xüsusi rol oynayan Böyük və Kiçik Qafqazın dağlıq ərazilərində qar örtüyünün sahəsinin azalması və qarın aşağı sərhəddinin yüksəkliyə doğru qalxması müşahidə olunmaqdadır.
 Azərbaycan ərazisində qarölçmə işləri 1950-ci ildən aparılır. Qarölçmə işləri Böyük və Kiçik Qafaqazın dağlıq ərazilərində 36 marşrut üzrə olmaqla 29 çayın hövzəsində aparılır.
 Hər il sistematik olaraq hazırlanan yaz-yay gursululuğunun və çaylarda daşqın hadisələrinin axım proqnozu əhaliyə, infrastrukur sahələrə dəyə biləcək ziyanların minimuma endirilməsində böyük əhəmiyyətə malikdir. Yaz-yay (aprel-iyun) gursululuq dövrünün proqnozlaşdırılması məqsədilə Milli Hidrometeorologiya Xidməti tərəfindən Azərbaycanın yüksək dağlıq ərazilərində Böyük və Kiçik Qafqazın çaylarının hövzələrində qarölçmə işləri aparılır, qarın hündürlüyü, sıxlığı və qarda olan su ehtiyatı müəyyənləşdirilərək proqnoz tərtib edilir və müvafiq orqanlar məlumatlandırılır.

2022-ci ildə qarölçmə işləri 36 marşrut üzrə aşağıdakı çayların hövzələrində aparılmışdır


 2022-ci ildə aparılan qarölçmə işlərinin nəticələrinə əsasən Böyük Qafqazın çaylarının hövzələrində qarda olan sululuq çoxillik normanın 90 %-ni (2021-ci ildə 89%-ni), Kiçik Qafqazın çaylarının hövzələrində isə normanın 79%-ni (2021-ci ildə 82%-ni) təşkil etmişdir.
 
Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonu Kəlbəcər, Laçın, Şuşa və Xocavənd rayonlarında 8 marşrut üzrə qarölçmə işləri həyata keçirilmişdir. Qarölçmə işlərinin nəticələrinə əsasən Qarqarçay, Quruçay və Köndələnçayın hövzəsindəki marşrutlarda qar olmamışdır.
 
Kiçik Qafqazın Kəlbəcər və Laçın rayonlarının çaylarının hövzələri üçün yuxarıda göstərilən üsulla qar ehtiyatları qiymətləndirilmişdir. Hövzədə olan su ehtiyatı 2022-ci ildə təyin olunmuş qar ehtiyatları 30,6 mm və ya Kiçik Qafqazın orta göstəricisinin 51%-ni, 2021-ci ildə isə 52,8 mm olmaqla 90%-ni təşkil etmişdir.

                    Son 10 ildə Böyük və Kiçik Qafqazın çaylarının hözələrində qar örtüyündə                                                                                    sululuğun çoxillik dəyişməsi


Mütəmadi olaraq Kür çayının aşağı hissəsində, Bankə, Salyan, Surra, Zərdab və Araz çayının Novruzlu hidroloji məntəqəsində müasir “SOMMER” cihazı vasitəsilə nəzarət su sərfləri ölçülür. 2021-ci ilin avqust ayında Kür çayının Sabirabad, Şirvan, Salyan və Neftçala rayonları ərazisindən keçən hissəsində seçilmiş məntəqələr üzrə tədqiqat işləri aparılmış. Ölçü işləri zamanı çayın eninə və uzununa profilləri çıxarılmış eyni zamnda ənənəvi üsulla və müasir SOMMER cihazı ilə su sərfləri ölçülmüşdür.

Yaz-yay gursululuq dövrü zamanı çaylardan keçən qısamüddətli daşqın və selin izinə görə maksimal su sərfini təyin etmək üçün iyul-avqust aylarında iki istiqamətdə (Böyük və Kiçik Qafqazın dağ çaylarına) ekspedisiya təşkil olunur, selin izinə görə ölçü işləri aparılır və hesablamalar aparıldıqdan sonra maksimal su sərfi müəyyən edilir.

Azərbaycanın ərazisində dağ buzlaqları Qusarçayın hövzəsində müşahidə olunur. Buzlaqların öyrənilməsi ekspedisiya yolu ilə və mövcud xəritələrdən istifadə etməklə aparılır. Qusarçayın hövzəsində 8 buzlaq olmaqla Yatıqdərə çayının hövzəsində, Əbildərə çayının hövzəsində (Tufandağ buzlağı), Düzyurd çayının hövzəsində (Şahdağ buzlağı) yerləşir.

Hər ilin avqust ayında buzlaqlar üzərində müşahidələr dəniz səviyyəsindən 3755 m yüksəklikdə Tufandağ buzlağında aparılır. Aparılan tədqiqatların nəticələri göstərir ki, buzlaq sahəsində həm azalma, həm də ərimə prosesinin daha da sürətləndiyi, buzlaq üzərində olan çatların sayının və ölçüsünun artması, buzlaq dilinin hər keçən il geriyə çəkildiyi, buzlaq dilindən çıxan Mahmuddərə çayında suyun səviyyəsinin və sərfinin artdığı müəyyən olunur. Bu da buzlaqda gedən ərimə prosesinin intensivliyindən xəbər verir.

             2022-ci ildə Böyük və Kiçik Qafqazın dağlıq ərazilərində aparılan qarölçmə
                                                       işlərinin fotoşəkilləri          

           2021-ci ildə Kür çayının aşağı axınında hidroloji tədqiqat işlərinin fotoşəkilləri