Səth sularının monitorinqi

Səth sularının çirklənməsi üzrə sistematik müşahidələr 44 su obyektini əhatə etməklə 30 çay, 9 göl, 4 sututarı və 1 liman üzrə aparılır.
şəkil 1
Ölkəmiz BMT-nin sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə Helsinki Konvensiyasına qoşulduqdan sonra əsas transsərhəd çaylar olan Kür və Araz çaylarında suyun keyfiyyətinə nəzarət işlərinin beynəlxalq standartlara uyğun qurulması təmin edilmişdir. Hər iki çayda BMT-nin AİK-nın ixtisaslı ekspertlər qrupu tərəfindən hazırlanmış “Transsərhəd su axınları və beynəlxalq göllərin monitorinqi və qiymətləndirilməsi” üzrə rəhbər prinsiplərə əsaslanaraq operativ monitorinq işləri təşkil edilmişdir. Belə ki, Respublikamızın əsas su arteriyaları olan Kür və Araz çaylarının qonşu dövlətlərin ərazilərindən keçməklə daha çox çirklənməyə məruz qaldıqlarını nəzərə alaraq, bu çaylarda və onların transsərhəd qollarında monitorinqin müasir tələblər səviyyəsində aparılması məqsədi ilə Qazax və Beyləqan rayonlarında cihaz və avadanlıqlarla təchiz olunmuş su laboratoriyaları yaradılmışdır.
  Qazax su laboratoriyası tərəfindən Kür çayının transsərhəd çirklənməsi üzrə 5 müşahidə məntəqəsində: Kür çayı-Şıxlı-2 kəndi, Ağstafaçay-Qazax şəhəri, Candargöl-Candar kəndi, Tovuzçay-Tovuz şəhəri, Ağstafa su anbarı-Musaköy kəndi üzrə ayda 3 dəfə, 10 gündən bir götürülmüş su nümunələri analiz edilir.
  Horadiz su laboratoriyası tərəfindən Araz çayının transsərhəd çirklənməsi üzrə 3 müşahidə məntəqəsində: Araz çayı - Horadiz, Araz çayı-I Şahsevən, Araz çayı Bəhrəmtəpə üzrə ayda 3 dəfə, 10 gündən bir götürülmüş su nümunələri analiz edilir.
  Neftçala Regional Kompleks Monitorinq Laboratoriyası Kür çayının mənsəbinə nəzarət məqsədilə 2019-cu ildə yaradılmışdır. Bu laboratoriyada Neftçala və ətraf rayonlardan gətirilmiş su, yağıntı və torpaq nümunələrinin analizi aparılır.

Səth sularının bioloji monitorinqi

Bioloji Monitorinq Azərbaycanın çay və göllərində aparılır və bu biomonitorinqin nəticəsi olaraq suyun bioekoloji qiymətləndirilməsi həyata keçirilir. Çaylardakı orqanizmlərin növ tərkibi öyrənilir və təyin olunmuş növlərin əsasında suyun keyfiyyəti üzrə məlumat verilir.
  Bioloji monitorinq istiqamətində iş əhatəsinin genişləndirilməsi, beynəlxalq təcrübənin mənimsənilməsi və tətbiqi üçün xarici ölkələrlə ortaq layihələrə başlanılmışdır. Laboratoriya Avropa Su Çərçivə Direktivinin prinsiplərinə əsaslanaraq Kür hövzəsində və Qanıx çayında bioloji və hidrobioloji monitorinqləri aparır və Gürcüstan Respublikasının ekspertləri ilə əməkdaşlıq edir.
şəkil 2