İqlim dəyişmələrinin Azərbaycana təsiri

Hazırda iqlim dəyişmələri dünyanı narahat edən qlobal problemlərdən biridir. Məlum olduğu kimi, XVIII əsrdən etibarən başlayan sənayeləşmə dövründən, xüsusən də XX əsrin ortalarından sonra Yer kürəsinin iqlim sisteminə çox böyük mənfi təsirlər göstərilmiş, digər atmosfer tullantıları ilə yanaşı, istixana effekti yaradan qazların qlobal miqyasda sürətli artımı baş vermişdir. İqlim Dəyişmələri üzrə Hökümətlərarası Ekspertlər qrupunun son qiymətləndirmə hesabatına görə son 100 ildə Yer kürəsində orta temperatur 0,8 dərəcə artıb. Temperaturun artması isə əsasən istilik effekti yaradan qazların - karbon dioksid (CO2), metan (CH4), azot oksidi və xlor-flüor birləşmələrin konsentrasiyasının artması ilə birbaşa bağlıdır. İqlim Dəyişmələri üzrə Hökümətlərarası Panel (İPCC) tərəfindən təqdim edilmiş məlumata görə, sənaye dövrünü əhatə edən son 250 ildə atmosferdə karbon qazının ümumi miqdarı 28%, metanın miqdarı isə 60% artmışdır.

Azərbaycan da qlobal iqlim dəyişmələrinin təsirindən kənarda qalmamışdır. Son 100 ildə Azərbaycan ərazisində orta illik temperaturlar 0,4-1,3oC-yə qədər artmışdır. İqlim dəyişmələri fonunda Azərbaycan daşqınlar, qar uçqunları, tufanlar, qasırğalar, dalğalanmalar, güclü küləklər, istiliklər, quraqlıqlar, buzlaqların əriməsi, şoranlaşma, torpaqların deqradasiyası, səhralaşma, yağıntıların və su ehtiyatlarının azalması və s. bu kimi ekstremal iqlim hadisələrinin təsirlərinə məruz qalır. İqlim dəyişmələri həm regional, həm də qlobal səviyyədə insanların qida təhlükəsizliyini və suya çıxışını məhdudlaşdırır, aclıq, yoxsulluq və digər ağır sosial-iqtisadi nəticələrə, miqrasiyanın güclənməsinə səbəb olur, yoluxucu və xroniki xəstəlikləri artırır. Təsadüfi deyildir ki, Ümumdünya Səhiyyə Təşkilatı 21-ci əsrdə qlobal sağlamlıq üçün ən böyük təhlükə kimi iqlim dəyişmələrini göstərmişdir. Mütəxəssislərin fikrincə, gələcəkdə qlobal istiləşməni minimuma endirmək səyləri uğurlu olsa belə, dəniz səviyyəsinin artması, okean istiliyinin və turşululuğunun yüksəlməsi kimi neqativ təsirlərin müəyyən hissəsi əsrlər boyu davam edəcəkdir.

Azərbaycan Respublikası Milli Məclisi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını (BMT İDÇK) 1995-ci ildə ratifikasiya etmişdir. Ölkəmiz BMT İDÇK-nın Əlavə 1 qrupuna daxil olmayan tam hüquqlu tərəf kimi İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası qarşısında istilik effekti yaradan qaz tullantılarının kadastrının hazırlanması, müntəzəm olaraq yenilənməsi, milli məlumatlarin hazırlanması kimi öhdəliklər götürmüş və bu öhdəliklər sistemli şəkildə yerinə yetirilmişdir. 1997-ci ildə yaradılmış İqlim Dəyişmələri üzrə Dövlət Komissiyası İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası və Paris Sazişinə uyğun olaraq ölkənin qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsi prosesini koordinasiya edir, qlobal və regional iqlim dəyişmələrinin təsirlərinin azaldılması istiqamətində milli strategiya və proqramların hazırlanmasının təmin edilməsində mühüm rol oynayır. Azərbaycan Respublikası tərəfindən Konvensiyanın Kioto Protokolu 2000-ci ildə təsdiq edilmişdir. Kioto protokolu üzrə öhdəliklərin yerinə yetirilməsinin 2-ci dövrü üçün qəbul edilmiş Doha əlavəsi 14 aprel 2015-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən ratifikasiya edilmişdir.

2015-ci ilin sentyabr ayında keçirilmiş BMT-nin tarixi Sammitində isə dünya liderləri tərəfindən qəbul edilmiş “2030-cu ilədək Dayanıqlı İinkişaf sahəsində Gündəlik”də ölkələr “heç kəsi kənarda qoymamaq” prinsipini rəhbər tutaraq, sosial-iqtisadi məsələlər ilə yanaşı, məhz iqlim dəyişmələrinə qarşı mübarizənin vacibliyi və dünya ictimaiyyətinin səfərbər olmasının önəmi vurğulanmışdır. Azərbaycan Respublikası BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına əlavə olan Paris Sazişini 22 aprel 2016-cı ildə imzalamış və həmin ilin oktyabr ayında ratifikasiya etmişdir. Məhz Paris Sazişinin 4-cü maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası 2015-ci ilin oktyabrında BMT İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının katibliyinə özünün “Milli səviyyədə Müəyyən edilmiş Töhfələr” (NDC) sənədini təqdim etmiş və qlobal miqyasda iqlim dəyişmələrinin qarşısının alınması təşəbbüslərinə töhfə olaraq, 1990-cı baza ili ilə müqayisədə 2030-cu ilə qədər istixana effekti yaradan qaz emissiyalarının (İEYQ) 35% həcmində azaldılmasını hədəfləmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının yenilənmiş Üçüncü Milli Səviyyədə Müəyyən Edilmiş Töhfəsi (NDC 3.0) Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş və 2025-ci ilin noyabr ayında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyinə təqdim olunmuşdur. Yenilənmiş NDC 3.0 sənədinə əsasən, qlobal miqyasda iqlim dəyişmələrinin qarşısının alınması təşəbbüslərinə töhfə olaraq, Azərbaycan Respublikası 1990-cı il baza səviyyəsi ilə müqayisədə 2035-ci ilə qədər istixana effekti yaradan qaz emissiyalarının 40 % azadıllmasını hədəf kimi götürmüşdür.

İqlim dəyişmələri sahəsində beynəlxalq hesabatlılıq və şəffaflığın gücləndirilməsi məqsədilə Ölçmə, Hesabatlılıq və Yoxlama (Measurement, Reporting and Verification – MRV) yanaşması institusional alət kimi formalaşmışdır. MRV termini ilk dəfə 2007-ci ildə keçirilmiş BMT İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 13-cü sessiyasında qəbul edilmiş Bali Fəaliyyət Planında (COP13) rəsmi şəkildə təsbit olunmuşdur.

Paris Sazişinin 13-cü maddəsinə uyğun olaraq Təkmilləşdirilmiş Şəffaflıq Çərçivəsi (ETF) çərçivəsində Ölçmə, Hesabatlılıq və Yoxlama (Measurement, Reporting and Verification – MRV) sistemləri iqlim fəaliyyətinin monitorinqi üçün əsas alət kimi çıxış edir. Beynəlxalq təcrübə və prosedurlar (MPGs, Decision 18/CMA.1) əsasında strukturlaşdırılmış milli İqlim Şəffaflıq Platforması (MRV sistemi) yaradılmışdır. Bu sistem istixana qazı emissiyaları və NDC hədəfləri üzrə məlumatların sistemli toplanması, idarə olunması, təhlili və hesabatını təmin etməklə institusional qərarlarının məlumatlara əsaslanmasına imkan yaradır və milli inventarların etibarlılığını artırır.

2024-cü ilin noyabrında Bakıda keçirilmiş COP29 zamanı “Bakı Maliyyə Məqsədi” qəbul edilmişdır. Tədbir həmçinin karbon bazarları (Paris sazişi, Maddə 6) və Zərər və Ziyan Fondu üzrə razılaşmaların əldə olunmasına imkan yaratmışdır. Tədbirdə 196 dövlət və 150-dən çox beynəlxalq təşkilatdan 76 000 iştirakçı, o cümlədən 2 000-ə yaxın QHT təmsil olunmuşdur.
Azərbaycan Respublikasının qlobal miqyasda istixana effekti yaradan qaz tullantılarında payı təxminən 0,1 faiz təşkil edir. Bütün bunlar sürətli iqtisadi inkişaf fonunda ölkədə həyata keçirilən uğurlu ekoloji siyasət, ətraf mühitə dost texnologiyalardan istifadə, tükənməyən enerji mənbələrindən istifadənin genişləndirilməsi, istilik elektrik stansiyalarında mazutdan istifadənin dayandırılaraq daha təmiz yanacaq olan təbii qaza keçilməsi, məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsi, müasir avtomobil infrastrukturunun yaradılması, müasir aqroparkların yaradılması, yeni meşə massivlərinin salınması üzrə atılan addımlar sayəsində mümkün olmuşdur.

Bununla yanaşı, “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində “İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış” adlı 4-cü Prioritetin və “Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” adlı 5-ci Prioriterlərin reallaşdırılması çərçivəsində mühüm işlər həyata keçirilir. 30 illik işğaldan azad edilmiş ərazilərimizdə "yaşıl enerji" zonasının yaradılması, "ağıllı şəhər və ağıllı kənd" layihələri işlənib hazırlanmış və artıq icra olunmaqdadır. Bu prioritetlər əsasında hazırlanmış “Azərbaycan Respublikasının 2022–2026-cı illər üzrə Sosial-iqtisadi İnkişaf Strategiyası” çərçivəsində təbii resurslardan davamlı istifadə, tullantıların effektiv idarə olunması, bioloji müxtəlifliyin qorunması, su bioresurslarının artırılması, meşə və yaşıllıqların mühafizəsinin gücləndirilməsi, yaşıl texnologiyaların tətbiqi, enerji səmərəliliyinin artırılması və bərpa olunan enerji mənbələrinin istifadəsinin genişləndirilməsi nəzərdə tutulmuşdur. Enerji sektorunda “yaşıl enerji”yə keçid Azərbaycanın enerji siyasətinin vacib aspektidir. 2021-ci ildə qəbul edilmiş “Elektrik enerjisinin istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Qanun, 2022–2026-cı illər üzrə “Azad edilmiş ərazilərdə yaşıl enerji zonası yaradılması üzrə Fəaliyyət Planı” və 2024-cü ilin “Yaşıl Dünya üçün Həmrəylik İli” elan edilməsi bu sahədə önəmli addımlardır olmuşdur. Eyni zamanda, 2025-ci ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi və 2026-cı ilin may ayında keçiriləcək 13-cü World Urban Forum Azərbaycanın tarixi memarlıq irsi ilə müasir, dayanıqlı və ağıllı şəhər inkişafı yanaşmalarının inteqrasiyasına töhfə verməyi hədəfləyir. Hazırda Azərbaycan Respublikasının 2027–2030-cu illər üzrə Sosial-iqtisadi İnkişaf Strategiyası hazırlanır.

Qeyd etmək lazımdır ki, hazırda iqlim dəyişmələri ilə mübarizə istiqamətində həm institusional, həm də qanunvericilik sahəsində bir sıra mühüm tədbirlər həyata keçirilməkdədir. Bundan əlavə, İqlim Dəyişmələri üzrə Dövlət Komissiyasının müvafiq qərarı əsasında “Az karbonlu inkişaf üzrə Milli Strategiya” və digər önəmli sənədlərin hazırlanmasına başlanılmışdır. 2024-cü ildə “İlkin Milli Adaptasiya Planı” sənədi və 1-ci İkiillik Şəffaflıq Hesabatı (BTR1) Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyinə təqdim olunmuşdur.

Müxtəlif qiymətləndirmələrin nəticələri göstərir ki, kənd təsərrüfatı sektoru, su resursları sektoru, sahilyanı zonaları, enerji sektoru, meşə sektoru, turizm sektoru və səhiyyə sektoru Azərbaycanda iqlim dəyişikliyinə həssasdır və xüsusilə Xəzər dənizinin səviyyəsinin 1990-cı illərin əvvəlləri ilə müqayisədə azalması sahilyanı infrastruktur və ekosistemlər üçün əlavə risklər yaratmaqdadır. Bununla yanaşı, Azərbaycan son illərdə milli səviyyədə iqlim adaptasiyası infrastrukturuna, xüsusilə hidrometeoroloji müşahidə şəbəkəsinin və erkən xəbərdarlıq sistemlərinin gücləndirilməsinə əhəmiyyətli investisiyalar yatırmışdır. Dövlət İnvestisiya Proqramı, İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış üzrə Dövlət Proqramları və Su Resurslarından Səmərəli İstifadə üzrə Milli Strategiya çərçivəsində avtomatik meteoroloji, hidroloji və dəniz stansiyaları, Doppler radar və radiosond sistemləri daxil olmaqla müasir müşahidə infrastrukturu yaradılmış, təhlükəli hidrometeoroloji hadisələrin operativ idarə olunması məqsədilə Situasiya Mərkəzi formalaşdırılmışdır.

Ölkənin iqlim dəyişmələrinin təsirlərinin azaldılması (mitiqasiya) və bu təsirlərə uyğunlaşma (adaptasiya) strategiyaları aşağıdakı uzunmüddətli Dövlət Proqramlarında öz əksini tapır:
• Alternativ və Bərpa olunan Enerji mənbələrindən İstifadə olunması üzrə Dövlət Proqramı (2004)
• 2008 - 2015 - ci İllərdə Azərbaycan Respublikasında Əhalinin Ərzaq Məhsulları ilə Etibarlı Təminatına Dair
• Regionların Sosial-iqtisadi İnkişafına dair Dövlət Proqramı (2004, 2009, 2014)
• 2008 – 2015 - ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı (2008 - 2015)
• Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair strateji yol xəritəsi”, 2016
• Davamlı İnkişaf məqsədlərinə nail olmaq üçün Respublika Prezidentinin 6 Oktyabr 2016 – cı il tarixli Sərəncamı ilə Azərbaycanın Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası (NCCSD) yaradılmışdır.
• Azərbaycan 2020 - Gələcəyə Baxış İnkişaf Konsepsiyası

Bununla yanaşı, ölkədə enerji səmərəliliyi və bərpa olunan enerji üzrə keçidi dəstəkləyən aşağıdakı əsas qanunvericilik və normativ-hüquqi aktlar qəbul edilmişdir:

• “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanunu (No. 359-VIQ, 07.09.2021)
• “Elektrik enerjisinin istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanunu (No. 339-VIQ, 31.05.2021)
• Binaların istilik mühafizəsi üzrə layihələndirmə normaları (MİHO/2.1-3.2-2022-4)

Qeyd olunan qanunvericilik çərçivəsi bərpa olunan enerji layihələrinin əsasən özəl sektorun iştirakı ilə hərrac və birbaşa investisiya mexanizmləri vasitəsilə həyata keçirilməsini, eləcə də müvafiq texnologiya və avadanlıqların idxalı üçün təşviqedici gömrük güzəştlərinin tətbiqini nəzərdə tutur və ölkədə aşağı karbonlu inkişaf üzrə institusional və hüquqi əsasları gücləndirir.

Azərbaycan Respublikasının Prezidentinin 29 dekabr 2025-ci il tarixli 871 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasında gender bərabərliyi üzrə 2026–2028-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilmişdir.

Konvensiyasının Tərəfi olaraq ölkədə ətraf mühit məlumatına çıxış, ictimai iştirak və ətraf mühit məsələlərində hüquqa çıxış təmin edilir. İctimai iştirak həm fərdi layihələr, həm də sektor planları və proqramlarına tətbiq olunan Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (EIA) və Strateji Ekoloji Qiymətləndirmə (SEA) prosesləri vasitəsilə həyata keçirilir. Bu proseslər Azərbaycan tərəfindən Orxus və Espo Konvensiyalarına uyğun olaraq ictimai dinləmələri əhatə edir və milli iqlim hədəfləri ilə uyğunluğu təmin edir.

Bundan əlavə, 14 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikası tərəfindən Ozon qatını dağıdan maddələr üzrə Monreal Protokoluna Kigali Düzəlişi ratifikasiya edilmişdir.