Ölkənin hava – iqlim şəraiti
İqlim əmələ gətirən amillərə günəş radiasiyası və atmosfer sirkulyasiyası daxildir. Bu amillər birlikdə iqlimin əsas ünsürlərinin – temperatur, rütubət, külək və s.-in paylanmasını müəyyən edir. Azərbaycan Respublikasının əksər ərazisi subtropik iqlim qurşağında, yalnız Böyük Qafqaz dağlarının şimal-şərqi mülayim iqlim qurşağında yerləşir.
İqlim tipləri
Dünyada mövcud olan 13 iqlim qurşağından yalnız 2-si Azərbaycandadır:
Subtropik - ölkənin 65 %-ni, mülayim – isə 35 %-ni əhatə edir.
Azərbaycan mövcud olan 2 iqlim qurşağının daxilində aşağıdakı iqlim tipləri mövcuddur:
1) Yarımsəhra və quru çöl iqlimi. Mərkəzi Aran rayonlarını (Kür çökəkliyində hündürlüyü 400 metrədək olan sahələr), Samur çayı mənsəbindən Qızılağac körfəzinədək Xəzəryanı zonasını, Naxçıvan MR-in Arazboyu düzənliklərini, Talışın qapalı dağ çökəkliklərini (1000 metrdən) əhatə edir. Qışı, əsasən, isti (Arazboyu düzənliklərdə və Talışın qapalı dağ çökəkliklərində soyuq) keçməsi ilə fərqlənir. Yayı qızmardır, bəzi günlər havanın temperaturu 42 °C-dən yuxarı olur.
2) Qışı quraq keçən mülayim-isti iqlim. Böyük Qafqazın cənub yamacının alçaq dağlıq zonasında (1000 metrədək hündürlükdə), Qanıx-Əyriçay çökəkliyində (200–500 m), Kiçik Qafqazın şimal və şərq yamaclarında (400–1500 m hündürlükdə) yayılmışdır. Qışı yumşaq, az yağıntılı, yayı mülayim-istidir.
3) Yayı quraq keçən mülayim-isti iqlim. Əsasən, Lənkəran-Astara zonasındadır. Qışı yumşaq, yayı mülayim-isti və quraq, payızı çox yağıntılı keçir. Maydan avqustun ortalarınadək yağış az yağır və tez-tez quraqlıq olur.
4) Qışı quraq keçən soyuq iqlim. Böyük Qafqazın şimal-şərq yamacında (1000–2700 m) və Kiçik Qafqazın orta və yüksək dağlıq (1400–2700 m) hissəsindədir. Yayı sərin, qışı nisbətən az sərt keçir.
5) Yayı quraq keçən soyuq iqlim. Naxçıvan MR-nın orta və yüksək dağlıq zonasını (1000–3000 m) əhatə edir. Qışı soyuq və qarlı, yayı sərindir.
6) Yağıntısı bərabər paylanan mülayim-isti iqlim. Böyük Qafqazın cənub (600–1500 m) və şimal-şərq (200–500 m) yamaclarındakı dağ meşələri zonası üçün səciyyəvidir. Qışı yumşaq, yayı mülayim-istidir.
7) Bütün fəsillərdə bol yağıntılı soyuq iqlim. Yalnız Böyük Qafqazın cənub yamacı (1500–2700 m) üçün səciyyəvidir. Yuxarı meşə, subalp və alp zonaları əhatə edir. Qışı soyuq, yayı sərindir.
8) Dağlıq tundra iqlimi. Böyük Qafqaz və Kiçik Qafqazın 2700 m-dən, Naxçıvan MR-nın isə 3200 m-dən yüksək ərazilərindədir. Qış və yay soyuq keçir. Bəzi yerlərdə qar bir ildən o biri ilə qalır.
İqlimin əsas ünsürləri
Havanın temperaturu
Azərbaycan Respublikasında hava temperaturunun rejimi hava kütlələrinin xüsusiyyətindən, ərazinin relyefindən və Xəzər dənizinin ayrı-ayrı rayonlara yaxınlığından asılı olaraq formalaşır. Mərkəzi Asiyadan daxil olan isti və quru hava kütlələrinin təsirini müəyyən qədər yumşaldır. Havanın orta illik temperaturu Kür-Araz ovalığında, Abşeron yarımadasından cənubda yerləşən sahilboyu zonada, o cümlədən Lənkəran ovalığında 14-15 °C təşkil edir. Dağlara doğru havanın temperaturu azalaraq 2000 m yüksəklikdə 4-5 °C, 3000 yüksəklikdə isə 1-2 °C-dir. İlin ən isti ayında (iyul) Kür-Araz ovalığında havanın orta temperaturu əsasən 26-27 °C, digər düzənliklərdə və dağətəyi ərazilərdə 24 °C-dən aşağı düşmür. İlin ən soyuq ayında (yanvar) düzənlik və dağətəyi ərazilərdə havanın orta aylıq temperaturu 0 °C-dən aşağı düşmür. Abşeron adası və ondan cənubda yerləşən sahilboyu ərazilər və adalarda hətta 3-4 °C təşkil edir. Yüksəklik artdıqca havanın temperaturu azalır və dəniz səviyyəsindən 2000 m yüksəklikdə -5-6 °C (Naxçıvan MR-da -7 °C), 3000 m-də isə təqribən -12-13 °C-dir. Dağlarda havanın orta aylıq temperaturu 2000 m-lik yüksəklikdə təqribən 14-16 °C, 3000 m-də 8-10 °C-dən aşağı düşmür. Ölkə ərazisində hava temperaturunun mütləq maksimum (+46 °C) və minimum (-32 °C ) kəmiyyətləri kəskin kontinental iqlimi ilə seçilən Naxçıvan MR-nın Arazboyu düzənliklərində müşahidə edilmişdir.
Atmosfer yağıntıları
Azərbaycan Respublikasında atmosfer yağıntıları əsasən hava kütlələrinin əraziyə müdaxiləsi ilə əlaqədardır. Yağıntıların miqdarını, mövsümü və illik paylanmasını hava kütlələrinin ərazinin relyef və Xəzər dənizi ilə qarşılıqlı əlaqəsi müəyyən edir. Azərbaycan ərazisində ən az orta illik yağıntı (150–200 mm-dən az) cənub-şərqi Qobustana və Abşeron yarımadasının cənub sahilinə düşür.
Kür-Araz ovalığının mərkəzi və şərq, Samur-Dəvəçi ovalığının cənub-şərq, Naxçıvan MR-nın Arazboyu, Qobustan və Abşeron yarımadasının əsas hissələrində illik yağıntıların miqdarı 300 mm-dən azdır. Onların miqdarı Xəzər dənizi sahillərindən qərbə, düzənliklərdən dağlara doğru tədricən artır.
Dağlarda yağıntılar müəyyən yüksəkliyə qədər (Böyük və Kiçik Qafqazda 2600–2800 m, Naxçıvan MR-da 2600–3000 m, Talışda 200–600 m-dək) artır, sonra isə tədricən azalır. Bu ərazilərdə illik yağıntıların maksimum miqdarı Böyük Qafqazın cənub yamacında 1400–1600 mm, şimali şərq yamacında 800 mm, Kiçik Qafqaz və Naxçıvan MR-da 800–900 mm, Talış dağlarında isə 1700–1800 mm təşkil edir.
Respublikanın digər dağlıq ərazilərindən fərqli olaraq Talış dağlarında yüksəklik artdıqca yağıntının miqdarı azalır və yüksək dağlıq hissəsində (2000 m-dən yüksək) və dağarası dərələrdə onun miqdarı 250–300 mm-dən azdır. Baxmayaraq ki, yağıntıların böyük hissəsi ilin isti dövrünə (aprel-oktyabr) təsadüf edir, yay ayları quraq keçir və hətta yağıntıların bolluğu ilə seçilən Lənkəran-Astara zonasında bu zaman yağıntıların miqdarı illik normanın 5-15%-ni təşkil edir.
Qeyd edək ki, Azərbaycanda maksimum yağıntı Lənkəran rayonunun Gəgəran kəndinə düşmüşdür.
Yağıntılı günlərin orta illik sayı Kür-Araz ovalığında və Naxçıvan MR-nın Arazboyu düzənliklərində 60-70 gündən az olur. Böyük Qafqazın cənub yamacının orta dağlıq hissəsində isə onun sayı 170 günə çatır. Yağıntının ən böyük gündəlik maksimumu Böyük Qafqazın cənub yamacında (148 mm, Əlibəy) və Talış dağlarında (334 mm, Bələsər) qeydə alınmışdır.
Dolu
Azərbaycan dünyanın ən çox doluvurmaya məruz qalan ölkələrindəndir. Böyük Qafqaz təbii vilayətində cənub yamaclarda 74,6, Kiçik Qafqazın şimal hissəsində 78,2, cənub hissədə 86,3, Naxçıvan MR-da 76,5, Lənkəran vilayətində 73,2%-i aprel-iyun aylarında müşahidə edilir. Bütün rayonlarda birinci maksimum əsasən mayda (33-42%), minimum isə iyul-avqust aylarında qeyd edilir. Ən az dolu Mərkəzi Aran rayonlarında müşahidə edilir.
Qar
Düzənliklərdə qar örtüyü davamlı olmur və ayrı-ayrı illərdə o müşahidə edilmir. Respublikanın ən çox qarlı əraziləri Böyük Qafqazın cənub yamaclarındadır. Dağlara doğru yüksəklik artdıqca qar örtüyünün yaranması və onun qalınlığının artması ehtimalı artır. Dəniz səviyyəsindən 1200-1400m hündürlükdən başlayaraq qar örtüyünün qalınlığı kəskin artır. Burada qar örtüklü günlərin sayı orta dağlıqda 80-120, yüksək dağlıqda isə hətta 250 günə çatır. Böyük Qafqazın ən uca zirvələrində qar örtüyü daim qalır.
Havanın rütubətliliyi
Mütləq rütubətliyin ən yüksək kəmiyyətləri yay aylarına düşür (iyul-avqust). Havanın orta illik nisbi rütubətliyinin ən yüksək kəmiyyətləri dənizsahili (75-80 %), ən aşağı kəmiyyətləri isə Naxçıvan MR-da və Böyük və Kiçik Qafqazın yüksək dağlıq ərazilərində (55-65 %) müşahidə edilir. Yayda ən aşağı nisbi rütubətlik Naxçıvan MR-da (35-50 %), Talışın yüksək dağlıq zirvələrində (50-55 %) və Kür-Araz ovalığında (50-60 %) qeydə alınır. Ən yüksək kəmiyyətlər dənizsahili və Böyük və Kiçik Qafqazın yüksək dağlıq ərazilərində müşahidə edilir (60-85 %).
Küləklər
Dənizdən əsən külək Xəzri adlanır. Bu küləklər əsasən soyuq aylarda əsir. Gilavar isə ən çox isti aylarda əsir. İlin soyuq dövründə dağlıq ərazilərdə fyon (quru isti küləklər), isti dövründə isə dağətəyi və düzənliklərdə ağ yellər müşahidə edilir. Küləyin sürəti 15 m/s və daha çox olan günlərin sayı 100-145 gün təşkil edir. Ən güclü küləklər Bakıda və Abşeron yarımadasında və Xəzər Dəniz akvatoriyasında müşahidə edilir. Güclü küləklərlə Gəncə-Qazax düzənliyi də seçilir (25-70 gün). Azərbaycanın digər ərazilərində güclü küləklər nisbətən az müşahidə edilir.
Çovğun
Azərbaycanda bu cür hadisələr çox az təkrarlanmaya malik olub, yalnız Abşeron yarımadasında qeyd edilir. Abşeron yarımadası və ona yaxın olan yerlərdə, xəzrinin hakim olduğu ərazilərdə orta çoxillik dövrdə çovğunlu günlərin sayı il ərzində 1-3 gün təşkil edir. Dağ zirvələrində, heç nə ilə qorunmayan dağ yamaclarında, aşırımlarda çovğunların yaranma ehtimalı çoxalır. Yüksək dağlıq məntəqələrdə çovğun hadisələri hətta yayda da müşahidə edilir. Azərbaycanda çovğunlar zamanı külək adətən şimal və qərb istiqamətli olur.
Günəş radiasiyası
Günəşli saatların illik miqdarı 1800-2900 saat /il olub, buludsuzluqla əlaqədar Naxçıvanın Arazboyu düzənliklərində maksimuma - 2900 saat/il, buludluluğun çox olması ilə əlaqədar olaraq isə Lənkəran ovalığı və Şollar düzündə minimuma - 1800-2000 saat /ilə çatır. Günəş radiasiyası 120-160 kkal/sm² arasında dəyişir.