Çaylar
Respublikanın çay şəbəkəsi 8350-dən çox çaydan ibarətdir ki, bunlardan 2 çayın uzunluğu 500 km-dən çox, 22 çayın uzunluğu 101-500 km arasında, 324 çayın uzunluğu 11-100 km arasındadır, əksər çayların uzunluğu isə 10 km-dən azdır.
Azərbaycan Respublikasının çayları ümumiyyətlə Xəzər dənizi hövzəsinə aiddirlər. Ayrılıqda onlar üç hövzəyə aid edilir:
- Kür çayının öz hövzəsinin çayları (Kürün sol və sağ qolları)
- Araz hövzəsinin çayları (Arazın sol qolları)
- Birbaşa Xəzər dənizinə tökülən çaylar.
Azərbaycan çaylarının su ehtiyatları yerli və tranzit çayların hesabına formalaşır Tranzit çayların əsas axımı Respublika ərazisindən kənarda, xarici ölkələrdə formalaşır.
Respublikanın çay sistemi üç qrup çaylardan ibarətdir: transsərhəd, sərhəd və yerli çaylar. Transsərhəd (iki və ya bir neçə ölkənin ərazisindən axan) çaylara Kür, Qanıx (Alazan), Qabırrı (İori), Xrami, Arpaçay və s. çaylar aiddir. Sərhəd (iki və ya bir necə ölkə arasında həmsərhəd olan) çaylara Araz, Samur, Bolqarçay və s. aiddir. Yerli çaylar Respublikanın ərazisində formalaşır və axırlar.
Respublikanın yerli çayları dağ çaylarıdır. Bu çaylar gur axınla (daşqın vaxtı axının sürəti 3-6 m/s-yə çatır), böyük orta meylliklərlə (15-150‰) xarakterizə olunurlar.
Respublikanın yerli çaylarına aşağıdakılar aiddir: Böyük Qafqazın cənub yamacından axan dağ çayları (Balakənçay, Talaçay, Kürmükçay, Kişçay, Turyançay, Göyçay, Girdımançay və s.) Kür çayının sol qollarıdır, şimal-şərq yamacından axan (Qusarçay, Qudyalçay, Qaraçay, Vəlvələçay və s.) və Qobustan çayları (Sumqayıtçay, Pirsaat və s.) Xəzər dənizinə birbaşa tökülən çaylardır. Kiçik Qafqazın şimal-şərq yamacından axan (Zəyəmçay, Şəmkirçay, Qoşqarçay, Gəncəçay, Kürəkçay və s.), Qarabağ silsiləsindən axan çaylar (Xaçınçay, Tərtərçay, Qarqarçay və s.) Kür çayının sağ qollarıdır, Zəngəzur silsiləsindən axan (Naxçıvançay, Əlincəçay, Gilançay və s.) və Kiçik Qafqazın cənub-qərb yamacından axan (Həkəriçay, Quruçay, Köndələnçay və s.) çaylar Araz çayının sol qollarıdır.
Lənkəran vilayətinin çayları (Viləşçay, Lənkərançay, Təngərüçay, Astaraçay və s.) birbaşa Xəzər dənizinə tökülən çaylardır.