Su ehtiyatları

Yerüstü su ehtiyatları əsasən çaylar, göllər, su anbarları, buzlaqlarda cəmlənmişdir.

 

Çaylar ölkənin əsas su fondudur. Çay axınları təbii kompleks faktorlar – iqlim, relyef, torpaq və bitki örtüyünün təsiri altında formalaşır. Bu faktorlar içərisində əsas və aparıcı yeri atmosfer çöküntüləri (yağış, leysan, qar) tutur. Ona görə də çay axınlarının ərazilər üzrə paylanması illik yağıntılardan buxarlanmanı çıxmaqla yaranan yağıntıların miqdarını təkrarlayır. Çayların qidalandırılma rejimi 3 qrupa – 1) düzənliklərə və dağətəyinə düşmüş qarın əriməsi hesabına yaranan yaz gursululuğa; 2) yaz, mövsümü və dağlarda buzlaqların əriməsi hesabına formalaşan yaz-yay gursululuğuna və 3) şiddətli yağıntılar nəticəsində yaranan gursululuğa bölünür.

Çayların hidrokimyəvi rejimi dağ sü-xurlarından və torpaqdan yuyulan duzların intensivliyi ilə təyin edilən axınlarla sıx bağlıdır. Bu çay sularının minerallaşma dərəcəsinin artıb-azalmasında öz əksini tapır. Çay və göl sularının tipi şimaldan cənuba doğru – hidrokarbonatlılıqdan sulfatlı və xlorlu tipə qədər dəyişir.

Çay hövzələrində müxtəlif intensivliyə malik su eroziyası baş verir və bu fakt çay sularının bulanlıqlığında özünü göstərir. Şimalda çay sularının bulanıqlığı 10 mq/m3-dan 25 mq/m3-ə, cənub rayonlarda isə 5000 mq/m3-dan 10 000 mq/m3-ə qədər dəyişir.

Göllər çaylarla qarşılıqlı əlaqədə olub, axarı olan və axarı olmayan göllərə bölünür. Axarı olmayan göllər humid və sub-humid zonalarda yerləşir. Axarı olan göllər arid zonalarda yerləşir və onların səthindən gedən buxarlanma düşən yağıntıların miqdarından artıq olur. Göl sularının ehtiyatı su mübadiləsinin zəif olmasına görə statik ehtiyatlara aid edilir. Onların kiçik bir hissəsi ildən-ilə və ya hər il bərpa olunur. Azərbaycanda göl sularının ehtiyatı olduqca azdır.

Su anbarları. Azərbaycanda 140-a qədər su anbarı vardır. Su anbarları çay dərələrində bənd tikməklə yaradılır. Lakin çay yatağından kənarda tikilən su anbarları da mövcuddur ki, onlar da çaylardan başlayan xüsusi kanallar vasitəsi ilə qidalanır.

Buzlaqlar təbiətin və iqlimin məhsuludur. Onlar iqlim dəyişkənliklərinə həssasdır, iqlim dəyişmələrinin indikatoru hesab edilir. Buzlaqlarda su bərk formada yerləşir. Öz xarakterinə, təbiətinə və su təsərrüfatı əhəmiyyətinə görə buzlaqlar iki qrupa bölünür: materik (sipər buzlaqlar) və dağ buzlaqları, Materik buzlaqlar arktika zonalarının yarımadalarında, dağ buzlaqları isə yüksək dağlıq ərazilərdə yayılmışdır. Buzlaqlar şirin su ehtiyatlarının statik ehtiyatlarına aid edilir. Dağ buzlaq sularının keyfiyyət göstəricisi buzlaq axınının miqdarına görə qiymətləndirilir. Çay axınlarının qidalanmasında buzlaq sularının miqdarı 5-6 %-i keçmir.

Yeraltı sular. Azərbaycan Respublikası ərazisində istifadəyə yararlı yeraltı sular məhdud ehtiyatlara malik olmaqla qeyri-bərabər paylanmışdır. Azərbaycan Respublikasının ərazisi eyni zamanda yer təkinin dərin horizontlarında yayılmış istilik enerji əhəmiyyətli termal və sənaye əhəmiyyətli yüksək minerallaşmış termal və hidromineral xammal suları ilə zəngindir. Bundan əlavə Azərbaycan Respublikası ərazisində müalicə-süfrə və  müalicə əhəmiyyətli mineral su mənbələri mövcuddur. Sənaye ehtiyatları təsdiq edilmiş yodlu-bromlu su yataqları uzun illər ərzində istismar edilərək respublika iqtisadiyyatında önəmli rol oynamışdır.