İqlim dəyişmələrinə adaptasiya
İqlim dəyişmələri və onların təsiri dünya ictimaiyyəti getdikcə daha çox narahat etməkdədir.
Azərbaycan da qlobal iqlim dəyişmələrinin təsirindən kənarda qalmamışdır. Son 100 ildə Azərbaycan ərazisində orta illik temperatur 0,4-1,3oC-yə qədər artmışdır. Temperatur artımı regionlardan asılı olaraq qeyri-bərabər paylanmışdır. Belə ki, Böyük Qafqazın yüksək dağlıq ərazilərində orta illik temperaturun 1,1-1,30C artması müşahidə olunur. Azərbaycanda aparılan tədqiqatlarə əsasən 1961-1990-cıillərlə müqayisədə 1991-2012-ci illərdə temperatur artımı temperatur artımı 0,2-1,5°C intervalında dəyişmişdir. Son on illiklərdə Azərbaycan ərazisində kiçik dağ çaylarında sel və daşqınların sayı və gücü artmışdır.
Azərbaycan iqlim dəyişmələrinin təsirlərinə yüksək dərəcədə həssas, inkişaf etməkdə olan ölkədir. İstilik effekti yaradan qazların milli tullantıları qlobal tullantıların yalnız 0.1%-ni təşkil edir.
Azərbaycan Respublikası 1995-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını, 2000-ci ildə isə Konvensiyanın Kioto protokolunu ratifikasiya etdikdən sonra qlobal iqlim dəyişmələrinin mənfi təsirlərinin yumşaldılması üzrə beynəlxalq səylərə qoşulmuşdur. Ölkəmiz İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Əlavə 1 qrupuna daxil olmayan tam hüquqlu tərəf kimi Konvensiya qarşısında istilik effekti yaradan qaz tullantılarının kadastrının hazırlanması, müntəzəm olaraq yenilənməsi, milli məlumatların hazırlanması kimi öhdəliklər götürülmüş və bu öhdəliklər sistemli şəkildə yerinə yetirilir.
Qlobal səviyyədə iqlim dəyişmələri ilə mübarizə aparmaq, karbon qazı tullantılarının azaldılması və aşağı karbonlu milli iqtisadiyyata keçidə zəmin yaratmaq məqsədilə Azərbaycan 2016-cı ildə Paris Sazişini ratifikasiya etmiş və özünün Milli Səviyyədə Müəyyən Olunmuş Töhfələr (NDC) sənədində qeyd olunan öhdəliklərinin yerinə yetirilməsinə başlamışdır.
Azərbaycan Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr (NDC) sənədində ölkənin milli şəraitini, gələcək inkişaf perspektivlərini və milli maraqlarını nəzərə alaraq, qlobal iqlim dəyişmələrinin təsirlərinin yumşaldılması təşəbbüslərinə özünün töhfəsi olaraq baza ili (1990) ilə müqayisədə 2030-cu ilə istixana effektli qaz tullantılarının səviyyəsində 35% azalmanın saxlanılmasını hədəf kimi götürmüşdür.