Aprel ayı əsasən yağıntılı hava şəraiti ilə səciyyələnib ki, buda payızlıq dənli bitkilər üçün əsasən əlverişli olub. Ayın birinci və ikinci ongünlüklərində taxılçılıq rayonlarında payızlıq dənli bitkilər əkilmiş sahələrdə aparılmış fenoloji müşahidələrə əsasən bitkilərdə buğumbağlama və gövdənin aşağı buğumunun yer səthinə çıxması mərhələləri davam edib, ayın sonlarında Tərtərdə, Goranboyda, Tovuzda, Beyləqanda, Yevlaxda, Salyanda, Bərdədə, Şəkidə, Zaqatalada, Qəbələdə, Oğuzda və Sabirabadda sünbülləmə mərhələsi qeydə alınıb. Sünbülləmə mərhələsində bitkilərin hündürlüyü 86-90 sm olub. Şəkidə dənli bitkilərin bir sünbülündə sünbülcüklərin cəm sayı 31 ədəd, inkişaf etməmiş sünbülcüklərin orta sayı 6 ədəd, ölçü sahəsinin bir vahidində gövdələrin ümumi sayı 365 ədəd, sünbüllü gövdələrin ümumi sayı 335 ədəd, Zaqatalada gövdələrin ümumi sayı 421 ədəd, sünbüllü gövdələrin sayı 409 ədəd, Tərtərdə gövdələrin ümumi sayı 558 ədəd, sünbüllü gövdələrin sayı 510 ədəd təşkil edib. Tərtərdə, Beyləqanda, Goranboyda pambıq əkiləcək sahələrdə çiyidin səpini aparılıb, Salyanda bitkilərdə cücərmə, Bərdədə və Sabirabadda göyərmə mərhələsi müşahidə edilib. Şəkidə, Zaqatalada və Balakəndə qarğıdalının səpini, Zaqatalada çay kollarında 1-ci dərəcəli məhsuldar budaqların çıxması qeydə alınıb. Əksər aran və dağətəyi rayonlarda alma, armud, albalı, heyva, gilas, ərik, alça ağaclarında meyvələrin böyüməsi davam edib, Şəkidə və Oğuzda tut ağaclarında 10-cu yarpağın açılması müşahidə edilib. Qubada çiçəkləmə dövründə alça və albalı ağaclarında güclü yağışlar nəticəsində dişiciklərin formalaşmaması qeydə alınıb ki, buda gələcəkdə məhsuldarlığın aşağı düşməsinə səbəb ola bilər. Cəfərxanda yonca bitkisində gövdənin böyüməsi, yan budaqların çıxması, Qəbələdə hamaşçiçəklərin çıxması, Şəkidə və Tovuzda çiçəkləmə, Zaqatalada yaşıl kütlənin 1-ci biçini, Ceyrançöldə və Acınohurda yovşan, qırtıc, ceyranotu kimi otlaq bitkilərində budaqlanma və budaqların boy atması, çiçəkləmə qeydə alınıb. Cəfərxanda, Sabirabadda, Şəkidə, Yevlaxda, Salyanda bostan və tərəvəz bitkilərinin əkini, kübrələmə, dərmanlama kimi kənd təsərrüfatı işləri aparılıb.