Yanvar ayı əsasən yağıntılı hava şəraiti ilə səciyyələnib ki, buda aran rayonlarında payızlıq dənli bitkilər üçün əlverişli olub. Ayın birinci və ikinci ongünlüklərində sahələrdə aparılmış fenoloji müşahidələrə əsasən Zərdabda bitkilərdə göyərmə, Sabirabadda, Goranboyda, Tərtərdə, Gəncədə, Cəfərxanda arpa və buğda bitkilərində 3-cü yarpağın çıxması, Bərdədə buğum köklərin yaranması müşahidə edilib.

Cəfərxanda ölçü sahəsinin bir vahidində bitkilərin orta sayı 520 ədəd olub. Ayın sonlarında Yevlaxda və İmişlidə bitkilərdə göyərmə mərhələsi davam edib, Zərdabda 3-cü yarpağın çıxması, Goranboyda, Tərtərdə, Bərdədə, Beyləqanda kollanma mərhələləri qeydə alınıb. Kollanma mərhələsində bitkilərin hündürlüyü 17 sm olub. Tərtərdə ölçü sahəsinin bir vahidində gövdələrin ümumi sayı 434 ədəd, kollanma dərəcəsi 2,8 %, Bərdədə gövdələrin ümumi sayı 426 ədəd, kollanma dərəcəsi 2,8 % təşkil edib. Ay ərzində dağlıq və dağətəyi rayonlarda temperaturun normadan aşağı düşməsi və şaxtalı hava şəraiti payızlıq dənli bitkilərdə vegetasiyanın dayanmasına səbəb olub.