Noyabr ayı üçün aqrometeoroloji icmal
Noyabr ayı əsasən az yağıntılı hava şəraiti və temperaturun normadan yüksək olması ilə səciyyələnib ki, buda pambıq əkilmiş sahələrdə yetişmiş pambıq xammalının tez və itkisiz yığılması üçün əlverişli olmuşdur. Lakin yağıntısız hava şəraiti bitkilərdə əlavə suvarmaya ehtiyac yaratmışdır. Ay ərzində sahələrdə pambıq xammalının yığımı davam etmiş, ayın birinci ongünlüyündə payızlıq dənli bitkilər əkiləcək sahələrdə şumlama və səpin işləri aparılmışdır. Ayın sonlarında sahələrdə aparılmış fenoloji müşahidələrə əsasən Şərurda və Cəfərxanda buğdanın səpini aparılmış, Goranboyda bitkilərdə cücərmə, Tərtərdə, Bərdədə, Sabirabadda, Beyləqanda, Gəncədə, Oğuzda, Zaqatalada arpa və buğda bitkilərində göyərmə, Şəkidə, İsmayıllıda və Qubada 3-cü yarpağın çıxması mərhələsi müşahidə edilmişdir. Ay ərzində bağlarda nar, xurma, heyva, Lənkəran-Astara bölgəsində feyxoa, naringi kimi sitrus bitkilərinin yetişməsi və yığımı davam etmiş, Zaqatalada çay kollarında toxumun yetişməsi qeydə alınmışdır. Sahələrdə və bağlarda suvarma, dərmanlama, budama və sairə kənd təsərrüfatı işləri aparılmışdır.