Oktyabr ayı ərzində əksər aran rayonlarında pambıq əkilmiş sahələrdə aparılmış fenoloji müşahidələrə əsasən pambıq xammalının yetişməsi və yığımı davam edib, yarpaqların tökülməsini tezləşdirmək məqsədi ilə dərmanlama işləri aparılıb. Payızlıq dənli bitkilər əkiləcək sahələrdə malalama, şumlama işləri görülüb, ayın sonlarında Qubada, Gəncədə, Şamaxıda, Şəkidə, Zaqatalada və İsmayıllıda arpa və buğda toxumlarının səpini aparılıb, Sabirabadda arpa bitkisinin cücərməsi qeydə alınıb. Ay ərzində bağlarda alma, armud, heyva, nar, xurma, qoz ağaclarında meyvələrin yetişməsi və yığımı davam edib, yarpaqların payız saralması və xəzan müşahidə edilib. Lənkəranda naringi, feyxoa kimi sitrus bitkilərində məhsul yığımı, Zaqatalada tütün bitkisində yuxarı yarusdakı yarpaqların texniki yetişkənliyi, çay kollarında çiçəkləmə mərhələsi qeydə alınıb. Acınohurda və Ceyrançöldə otlaq bitkilərinin payız boyatması davam edib.