Avqust ayı aqrometeoroloji icmal
Avqust ayı ölkə ərazisində hava şəraiti az yağıntılı və isti keçib, buda kənd təsərrüfatı bitkilərinin əlavə suvarılmasına ehtiyac yaradıb. Pambıq əkilmiş sahələrdə aparılmış müşahidələrə əsasən ay ərzində bitkilərdə çiçəkləmə, pambıq qozalarının formalaşması mərhələsi davam edib, ayın sonlarında Beyləqan, Cəfərxan, Bərdə, Tərtər və Goranboyda bitkilərdə ilk qozaların açılması, Sabirabadda ilk qozalarda pambıq xammalının yetişməsi fenoloji mərhələsi qeydə alınıb. Goranboyda bir pambıq bitkisində formalaşmış qozaların orta sayı 14 ədəd, açılmış və yetişmiş qozaların orta sayı 2 ədəd, Bərdədə və Tərtərdə 16-17 ədəd, yetişmiş və açılmış qozaların orta sayı 2 ədəd təşkil edib. Bağlarda alma, armud, xurma, heyva, qoz, fındıq ağaclarında meyvələrin yetişməsi və yığımı davam edib. Balakəndə qarğıdalıda dənin tam yetişkənliyi, çay kollarında 5-ci dərəcəli məhsuldar budaqların çıxması, tütün bitkisində gövdənin böyüməsi, yuxarı yarusdakı yarpaqların texniki yetişkənliyi və yarpaqların yığımı müşahidə edilib. Tovuzda, Gəncədə, Şəkidə, Qəbələdə, Zaqatalada yonca bitkisində 3-cü biçindən sonra, Cəfərxanda 4-cü biçindən sonra otların boy atması qeydə alınıb. Acınohurda və Ceyrançöldə otlaq bitkilərinin biçilib qurudulması davam edib. Ay ərzində yağıntısız günlərdə sahələrdə və bağlarda zərərvericilərə və xəstəliklərə qarşı dərmanlama, alaq etmə, budama, cərgələr arası torpağın yumşaldılması, suvarma kimi kənd təsərrüfatı işləri aparılıb.