May ayının 1-ci və 2-ci ongünlüklərində respublikanın əksər bölgələrində yağıntılı və qeyri- sabit, 3-cü ongünlükdə isə az yağıntılı və isti hava şəraiti qeydə alınıb. Belə hava şəraiti bəzi ərazilərdə kənd təsərrüfatı bitkiləri üçün əlverişsiz olub. Qubada torpağın və havanın həddən artıq nəmlənməsi nəticəsində gilas, alma, armud, albalı kimi meyvə ağaclarında yetişməmiş meyvələrin zədələnməsi və yerə tökülməsi müşahidə edilib. Taxıl sahələrində aparılmış fenoloji müşahidələrə əsasən payızlıq dənli bitkilərdə Gəncədə, Bərdədə, Tərtərdə, Qubada, Şamaxıda, Zərdabda dənin süd yetişkənliyi, Goranboyda, Şəkidə, Oğuzda, Qəbələdə və Sabirabadda dənin mum yetişkənliyi, Cəfərxanda arpada tam yetişkənlik fenoloji mərhələsi qeydə alınıb. Ayın sonlarında bitkilərin hündürlüyü 104-124 sm olub. Dənli bitkilərdə 1m2 sahədə gövdələrin ümumi sayı Şəkidə 340-407 ədəd, sünbüllü gövdələrin ümumi sayı 330-398 ədəd, bitkilərin bir sünbülündə sünbülcüklərin cəm sayı 25 ədəd, inkişaf etməmiş sünbülcüklərin orta sayı 3-4 ədəd, Tərtərdə gövdələrin ümumi sayı 598 ədəd, sünbüllü gövdələrin ümumi sayı 561 ədəd, Sabirabadda gövdələrin ümumi sayı 830 ədəd, sünbüllü gövdələrin ümumi sayı 790 ədəd təşkil edib. Pambıq əkilmiş sahələrdə Bərdə, Tərtər, Goranboy, Sabirabad və Beyləqanda 3-ci əsl yarpağın çıxması, Cəfərxanda 8-ci əsl yarpağın çıxması mərhələsi qeydə alınıb. Aran və dağətəyi rayonlarda meyvə ağaclarında uzununa boy atmanın dayanması, meyvələrin böyüməsi, alça və tut ağaclarında meyvələrin yetişməsi, Gəncə, Lənkəran və Şamaxıda üzüm kollarında çiçəkləmə müşahidə edilib. Ay ərzində bostan və tərəvəz bitkilərində də vegetasiya davam edib. Cəfərxanda və Sabirabadda qarpız bitkisində çiçəkləmə, Acınohurda pomidor kollarında çiçəkləmə, Lənkəran, Şəki, Sabirabadda hamaşçiçəklərin çıxması, qarğıdalıda 7-ci yarpağın açılması qeydə alınıb. Tovuz və Gəncədə yonca bitkisində çiçəkləmə, Şəkidə, Qəbələdə, Cəfərxanda 1-ci biçindən sonra otların boy atması müşahidə edilib. Acınohurda və Ceyrançöldə otlaq bitkilərində çiçəkləmə, budaqlanma və budaqların boy atması mərhələsi qeydə alınıb. Yağıntısız günlərdə sahələrdə və bağlarda zərərvericilərə və xəstəliklərə qarşı dərmanlama, alaq etmə, budama, cərgələr arası torpağın yumşaldılması, suvarma kimi kənd təsərrüfatı işləri aparılıb.