Aprel ayı əsasən yağıntılı və qeyri-sabit hava şəraiti ilə səciyyələnib. Yağıntılar torpaqda rütubətliliyi artırıb, kənd təsərrüfatı bitkilərinin suya olan tələbatını nisbətən təmin edib. Ay ərzində payızlıq dənli bitkilərdə vegetasiya davam edib, sahələrdə aparılmış fenoloji müşahidələrə əsasən Gəncə və Tovuzda buğum bağlama, Bərdə, İmişli, Şamaxı və İsmayıllıda gövdənin aşağı buğumunun yer səthinə çıxması mərhələsi davam edib, Sabirabadda, Cəfərxanda, Beyləqanda, Zərdabda, Tərtərdə, Goranboyda, Şəkidə, Oğuzda və Qəbələdə bitkilərdə sünbülləmə mərhələsi qeydə alınıb. Ayın sonlarında bitkilərin hündürlüyü 59-99 sm olub. Dənli bitkilərdə 1m2 sahədə gövdələrin ümumi sayı Şəkidə 340-407 ədəd, sünbüllü gövdələrin ümumi sayı 330-397 ədəd, Zərdabda gövdələrin ümumi sayı 613, Tərtərdə 559 ədəd, sünbüllü gövdələrin ümumi sayı 513 ədəd, Şəkidə bitkilərin bir sünbülündə sünbülcüklərin cəm sayı 28-30, inkişaf etməmiş sünbülcüklərin orta sayı 4-5 ədəd təşkil edib. Ayın ikinci ongünlüyündən başlayaraq pambıq əkiləcək sahələrdə çiyid səpini davam edib, Cəfərxan və Sabirabadda bitkilərdə cücərmə, Gəncədə və Beyləqanda isə göyərmə mərhələsi qeydə alınıb. Bostan və tərəvəz bitkilərində də vegetasiya davam edib, kartof, pomidor, qarpız bitkilərində 3-cü yarpağın açılması və hamaşçiçəklərin çıxması müşahidə edilib. Ay ərzində ərik, alça, gilas, albalı, gilas kimi meyvə ağaclarında meyvələrin böyüməsi davam edib, üzüm kollarında 3-cü yarpağın və hamaşçiçəklərin açılması, Lənkəranda çay kollarında və sitrus bitkilərində ilk yarpaqların açılması fenoloji mərhələsi müşahidə edilib, Şəki və Oğuzda tut ağaclarında onuncu yarpağın açılması qeydə alınıb. Ayın üçüncü ongünlüyündə Qubada güclü leysan yağışları və dolu düşməsi meyvə ağaclarında zədələnməyə səbəb olub. Cəfərxan, Tovuz, Gəncə, Şəki, Qəbələdə yonca bitkisində gövdənin böyüməsi, yan budaqların və hamaşçiçəklərin çıxması, Acınohurda və Ceyrançöldə otlaq bitkilərində yaz vegetasiyasının başlanması, budaqlanma və budaqların boy atması mərhələsi qeydə alınıb. Ay ərzində yağıntısız günlərdə sahələrdə və bağlarda kübrələmə, dərmanlama, cərgələr arası şumlama kimi kənd təsərrüfatı işləri aparılıb.