Fevral ayı üçün Aqrometeoroloji icmal
Fevral ayında respublika ərazisində əsasən yağıntılı hava şəraiti qeydə alınıb, buda torpaqda rütubətliyi artırıb və bitkilərin suya olan tələbatını nisbətən təmin edib. Ayın birinci və ikinci ongünlüklərində sahələrdə aparılmış fenoloji müşahidələrə əsasən aran rayonlarında payızlıq dənli bitkilərdə kollanma, Sabirabad və Qubada buğum bağlama fenoloji mərhələləri müşahidə edilib. 1 m2 sahədə dənli bitkilərdə gövdələrin ümumi sayı Cəfərxanda 1241-1528, Tərtərdə 481, Bərdədə 511, Goranboyda 393 ədəd təşkil edib, bitkilərin hündürlüyü 20-22 sm qeydə alınıb. Cəfərxanda bitkilərdə kollanma dərəcəsi 5,1%, Bərdədə 3,1%, Tərtərdə 3,6%, Goranboyda 2,6% olub. Yağıntısız günlərdə sahələrdə və bağlarda zərərvericilərə və xəstəliklərə qarşı dərmanlama, meyvə ağaclarında və üzüm kollarında budama işləri aparılıb.
Ayın üçüncü ongünlüyündə yağıntılar əsasən qar şəklində düşüb. Temperaturun normadan aşağı olması və şaxtalı hava şəraiti payızlıq dənli bitkilərdə vegetasiyanın dayanmasına səbəb olub. Belə hava şəraiti sahələrdə və bağlarda zərərvericilərin məhv olması və bitkilərin xəstəliklərdən qorunması üçün əlverişli şərait yaradıb.