Dekabr ayı hava şəraiti aran rayonlarında payızlıq dənli bitkilərin növbəti mərhələyə keçməsi üçün əlverişli olub. Ayın birinci və ikinci ongünlüklərində sahələrdə aparılmış fenoloji müşahidələrə əsasən Zərdab, Goranboy, Göyçay, Ağdam, Bərdə, Tərtərdə göyərmə fenoloji mərhələsi qeydə alınıb. Beyləqanda və Qubada üçüncü yarpağın çıxması, İsmayıllıda buğda bitkisində, Sabirabadda arpa bitkisində buğum köklərin yaranması, Cəfərxanda kollanma mərhələsi müşahidə edilib. Qubada ölçü sahəsinin bir vahidində bitkilərin orta sayı 358 ədəd təşkil edib. Şəki-Zaqatala bölgəsində müşahidə edilən aşağı temperatur rejimi payızlıq dənli bitkilərdə vegetasiyanın dayanmasına səbəb olub. AyınsonlarındaZərdab, Biləsuvar, İmişli, Göyçay, Ağdam, Bərdə, Tərtərdə göyərmə fenoloji mərhələsi davam edib, Goranboyda və Sabirabadda buğda bitkisində üçüncü yarpağın çıxması, Beyləqanda buğum köklərin yaranması, Cəfərxan və Sabirabadda arpa bitkisində kollanma mərhələsi müşahidə edilib. Dekadanın sonunda bitkilərin hündürlüyü 13-15 sm təşkil edib. Yağıntısız günlərdə sahələrdə zərərvericilərə və xəstəliklərə qarşı dərmanlama işləri aparılıb.