Oktyabr ayı üzrə Aqrometeoroloji icmal
Oktyabr ayı ərzində pambıq sahələrində aparılmış fenoloji müşahidələrə əsasən əksər aran rayonlarında ilk qozalarda pambıq xammalının yetişməsi davam edib, Beyləqanda müşahidə sahəsində məhsulun birinci, Sabirabad və Cəfərxanda ikinci, İmişlidə üçüncü yığımı qeydə alınıb, Bərdədə məhsul yığımı başa çatıb. Əksər taxılçılıq rayonlarında payızlıq dənli bitkilər əkiləcək sahələrdə səpinqabağı şumlama, dərmanlama kimi kənd təsərrüfatı işləri aparılıb, Naxçıvan, Sabirabad və Qubada taxılın səpini baş tutub. Ayın sonlarında Sabirabadda və Qubada cücərmə fenoloji mərhələsi müşahidə edilib. Əksər aran və dağətəyi rayonlarda nar, heyva, qoz ağaclarında məhsul yığımı davam edib, Lənkəran-Astara bölgəsində çay kollarında dördüncü dərəcəli məhsuldar budaqların çıxması və yarpaqların yığımı qeydə alınıb. Əksər meyvə ağaclarında yarpaqların payız saralması və xəzan müşahidə edilib.