Sentyabr ayı üçün aqrometoeroloji icmal
Sentyabr ayı respublikanın əksər bölgələrində az yağıntılı hava şəraiti ilə səciyyələnib ki, buda kənd təsərrüfatı bitkilərində əlavə suvarmaya ehtiyac yaradıb. Ay ərzində pambıq sahələrində aparılmış fenoloji müşahidələrə əsasən əksər aran rayonlarında bitkilərdə ilk qozaların açılması və ilk qozalarda pambıq xammalının yetişməsi fenoloji mərhələsi davam edib. Ayın sonlarında Cəfərxan, Goranboy, Tərtər və Beyləqanda ilk qozalarda pambıq xammalının yetişməsi, Sabirabad, İmişli və Gəncədə müşahidə sahəsində pambığın birinci yığımı qeydə alınıb. Goranboyda bir pambıq bitkisində formalaşmış qozaların orta sayı 5, Bərdədə 17, Tərtərdə 24 ədəd, açılmış və yetişmiş qozaların orta sayı 5-12 ədəd təşkil edib. Ayın sonlarında bitkilərin hündürlüyü 47-82 sm olub. Əksər aran və dağətəyi rayonlarda heyva, nar, xurma, alma, armud ağaclarında meyvələrin yetişməsi və yığımı qeydə alınıb. Yonca bitkisində Şəkidə, Tovuzda, Zaqatalada, Cəfərxanda biçindən sonra otların boy atması, Qəbələdə yaşıl kütlənin üçüncü biçini qeydə alınıb. Əksər meyvə ağaclarında yarpaqların payız saralması müşahidə edilib. Yağıntısız günlərdə sahələrdə suvarma, zərərvericilərə və xəstəliklərə qarşı dərmanlama, bitkilərin dibinin yumşaldılması kimi kənd təsərrüfatı işləri aparılıb.