Aprel ayı üzrə Aqrometeoroloji icmal
Respublikanın əksər bölgələrində aprel ayında hava şəraiti az yağıntılı keçib. Havanın orta temperaturu çoxillik iqlim normasından yüksək olması ilə səciyyələnib.
Aprel ayında Zərdab,Göyçay, Tovuz, Şəki Oğuz, Zaqatala,Bərdə, Goranboy və Tərtərdə bitkilərdə gövdənin aşağı buğumunun yer səthinə çıxması fenoloji mərhələsi davam edib, İmişlidə isə bitkilərdə çiçəklənmə mərhələsi qeydə alınıb.
Cəfərxan, Sabirabad, Bərdə, Goranboy və Tərtərdə sahələrdə pambıq bitkisinin əkini başlamış, Cəfərxan və Sabirabadda bitkilərdə cücərmə mərhələsi qeydə alınıb.
Əksər aran və dağətəyi rayonlarda meyvə ağaclarında çiçəklənmə və çiçəklənmənin sonu mərhələsi qeydə alınıb, Lənkəran-Astara bölgəsində naringi,feyxoa kimi sitrus bitkilərində ilk yarpaqların açılması, qöncələnmə, üzüm kollarında isə hamaşçiçəklərin çıxması fenoloji mərhələləri müşahidə edilib. Göyçayda əncir bitkisində hamaşmeyvələrin əmələ gəlməsi, Oğuz, Şəki, Biləsuvar,Göyçayda tut bitkisində üçüncü və beşinci yarpağın açılması mərhələləri davam edib. Cəfərxanda yonca bitkisində biçindən sonra otların boy atması, Şəkidə və Qəbələdə gövdənin böyüməsi və yan budaqların çıxması mərhələləri davam edib.
Ayın sonlarında havanın orta temperaturunun çoxillik iqlim normasından yüksək olması payızlıq dənli bitkilərin inkişafı üçün əlverişli olmuş, lakin yağıntısız hava şəraiti suvarmaya ehtiyac yaratmışdır. Bərdədə, Gəncədə, Oğuzda və İsmayıllıda gövdənin aşağı buğumunun yer səthinə çıxması fenoloji mərhələsi davam edib, İmişli, Cəfərxan, Beyləqan, Zərdab,Göyçay, Biləsuvar, Goranboy,Tərtər, Şəki, Zaqatalada sünbülləmə, Sabirabadda çiçəkləmə mərhələləri qeydə alınıb. Beyləqan, Bərdə, Gəncədə çiyidin səpini davam edib,Cəfərxan, Sabirabad, Goranboy və Tərtərdə göyərmə mərhələsi müşahidə edilib.
Əksər aran və dağətəyi rayonlarda gilas, albalı, ərik, şaftalı, gavalı, alma, armud, heyva və digər meyvə ağaclarında 1-3-cü yarpaqların açılması, çiçəkləmənin sonu, meyvələrin böyüməsi, Lənkəran-Astara bölgəsində feyxoa, naringi və çay kollarında ilk yarpaqların açılması mərhələsi qeydə alınıb.