Yanvar ayı üzrə Aqrometeoroloji icmal
Yanvar ayı əksər bölgələrimizdə yağıntılı hava şəraiti ilə səciyyələnib, ayın ikinci və üçüncü ongünlüklərində yağıntılar əsasən qar şəklində düşüb, şaxtalı hava şəraiti müşahidə edilib. Müşahidə edilmiş şaxtalı hava xəstəlik və zərərvericilərin azalması, yağan qar torpaqda rütubət ehtiyatının toplanması, bitkilərin suya olan tələbatının ödənməsi üçün əlverişli şərait yaradıb. Taxılçılıq rayonlarında aparılmış fenoloji müşahidələrə əsasən Tərtərdə buğum köklərinin yaranması, Göyçayda, Goranboyda və Beyləqanda kollanma, Sabirabadda payızlıq dənli bitkilərdə buğumbağlama inkişaf mərhələləri qeydə alınıb. Cəfərxanda bitkilərdə kollanma dərəcəsi 2,7%, Goranboyda 1,9%, Tərtərdə 3,2 %, ölçü sahəsinin bir vahidində bitkilərin orta sayı 376-478 ədəd təşkil edib.
Şaxtalı hava şəraiti müşahidə edilən günlərdə Şəki-Zaqatala, Dağlıq Şirvan və Qubada payızlıq dənli bitkilərin vegetasiyası dayanıb.