Respublikanın əksər bölgələrində sentyabr ayının birinci və ikinci ongünlüklərində hava şəraiti yağıntılı və qeyri-sabit keçib. Əksər rayonlarda yağan intensiv yağıntılar torpağın su rejimini yaxşılaşdırıb, üst münbit qatın rütubətlənməsi və əksər bitkilərin lazımi qida maddələri ilə təmin olunması üçün əlverışli şərait yaradıb. Lakin aran rayonlarında yetişmə və yığım mərhələsində olan pambıq bitkiləri üçün belə hava şəraiti əlverişsiz olub və bitkilərdə zədələnmə və qaralma müşahidə edilib. Pambıqçılıq rayonlarında bitkilər üzərində aparılmış fenoloji müşahidələrə əsasən Beyləqan və Gəncədə ilk qozaların açılması, Cəfərxan, Tərtər, Bərdə və Goranboyda ilk qozalarda pambıq xammalının yetişməsi, Sabirabadda məhsulun əllə ikinci yığımı fenoloji mərhələləri müşahidə edilib.
Şəki-Zaqatala bölgəsində yağan güclü leysan yağışları və ayın 17-də Zaqatalada qeydə alınan dolu nəticəsində meyvə ağaclarında yetişmiş meyvələrin yerə tökülməsi və zədələnməsi müşahidə edilib.Leysan xarakterli və intensiv yağıntılar müşahidə edilən ərazilərdə meyvə-tərəvəz məhsullarının yığımı, daşınması və aqrotexniki işlərin aparılması üçün uyğun olmayıb.
Ayın üçüncü ongünlüyündə hava şəraiti aran rayonlarında yetişmə və yığım mərhələsində olan pambıq bitkiləri üçün əlverişli olub . Bitkilər üzərində aparılmış fenoloji müşahidələrə əsasən Cəfərxan, Beyləqan, Gəncə,Tərtər və Goranboyda ilk qozalarda pambıq xammalının yetişməsi, Bərdə və İmİşlidə məhsulun birinci yığımı , Sabirabadda isə əllə üçüncü yığımı müşahidə edilib. Biləsuvar, Sabirabad, Cəfərxanda yığım qabağı defoliant maddələrlə bitkilərdə yarpaqların tökülməsini tezləşdirmək məqsədilə dərmanlama işləri aparılıb.
Şəki-Zaqatalada yonca əkilmiş sahələrdə 4-cü biçindən sonra hamaşçiçəklərin çıxması, Tovuzda 2-ci biçindən sonra çiçəkləmə mərhələsi qeydə alınıb ,Cəfərxan və Gəncədə biçindən sonra otların boyatması davam edib.
Ay ərzində Şəki-Zaqatala bölgəsində fındıq, qoz, alma, armud ağaclarında, Göyçayda heyva və xurmada, Qubada alma, heyva ağaclarında, Şamaxı və Culfada üzüm kollarında məhsul yığımı müşahidə edilib, Göyçay, Biləsuvar və Qubada narda meyvələrin yetişməsi qeydə alınıb. Zaqatalada tütün bitkisində yuxarı yarusdakı yarpaqların texniki yetişkənliyi və çay kollarında yarpaqların 5-ci yığımı davam edib.