Avqust ayı üçün aqrometeoroloji icmal
Avqust ayı respublikanın əksər bölgələrində hava şəraiti nisbətən yağıntılı keçib, havanın orta temperaturu birinci və ikinci ongünlükdə çoxillik iqlim normasından 3-5ºC, üçüncü ongünlükdə isə 2-3ºC yüksək olması ilə səciyyələnib.
Ay ərzində pambıq sahələrində bitkilər üzərində aparılmış fenoloji müşahidələrə əsasən Biləsuvar, Beyləqan, Cəfərxan, Bərdə və Goranboyda ilk qozaların açılması, Tərtər və İmişlidə ilk qozalarda pambıq xammalının yetişməsi, Sabirabadda müşahidə sahəsində 1-ci yığım fenoloji mərhələsi müşahidə edilib. Pambıq bitkisində ölçü sahəsinin bir vahidində bitkilərin orta sayı 660-924, formalaşmış qozaların sayı 12-22,2, açılmış qozaların orta sayı 1,2-4,9 ədəddir. Dekadanın sonunda bitkinin hündürlüyü 74-111 sm qeydə alınıb.
Əksər aran və dağətəyi rayonlarda armud və əncir ağaclarında, Zaqatalda fındıqda məhsul yığımı, Gəncədə üzümün yetişməsi, Lənkəranda çay kollarında 3-cü məhsulun toplanması qeydə alınıb.
Bostan-tərəvəz sahələrində aparılmış müşahidələrə əsasən Qubada pomidor bitkilərinin tam yetişkənliyi, qarğıdalı bitkisində Zaqatalada mum yetişkənliyi, Balakəndə tam yetişkənlik fenoloji mərhələləri müşahidə edilib.
Gəncədə yoncada əkilmiş sahələrdə 2-ci biçindən sonra hamaşçiçəklərin çıxması və çiçəkləmə fenoloji mərhələsi qeydə alınıb, Şəki-Zaqatalada 4-cü biçin aparılıb.
Ay ərzində Lənkəranda feyxoa, naringi, Göyçayda nar və xurmada vegetasiya suvarması yerinə yetirilib. Lənkəranda may ayının axırları və iyun ayının ortalarında keçən qeyri-sabit hava şəraiti üzümün yetişməsinə mənfi təsir göstərmiş, üzüm gilələri xəstəlik nəticəsində çürüyərək məhv olub.