İyun ayı üçün aqrometeoroloji icmal
İyun ayı respublikanın əksər bölgələrində qeyri - sabit və yağıntılı hava şəraiti ilə səciyyələnib, havanın orta temperaturu çoxillik iqlim normasindan 2-3°C yüksək olub.
Əksər taxılçılıq rayonlarında dənin mum yetişkənliyi Göyçay,Tərtər, Bərdə, Biləsuvar və Sabirabadda buğda bitkisində tam yetişkənlik mərhələsi qeydə alınıb. Sabirabad və Cəfərxanda arpada məhsul yıgımı baş tutub, Gəncədə pambıq bitkisində 1-ci, Biləsuvarda 3-cü, digər pambıçılıq rayonlarında 5-ci yarpağın çıxması, Bərdə və Sabirabadda isə 8-ci əsl yarpağın çıxması müşahidə edilib. Hava şəraiti bostan və tərəvəz bitkilərinin digər mərhələyə keçməsi üçün əlverişli olub, Şəkidə pamidor bitkisində çiçəkləmə, Sabirabad , Acınohur və Lənkəranda ilk güllərin tökülməsi və yaşıl yetişkənlik, Cəfərxan və Sabirabadda qarpız bitkisində çiçəkləmə , Gədəbəydə kartofda hamaşçiçəklərin çıxması mərhələləri qeydə alınıb.
Ayın 2-ci ongünlüyündə əksər taxılçılıq rayonlarında payızlıq dənli bitkilərdə dənin tam yetişkənliyi, Bərdə, Tər-Tər, İmişli, Goranboyda isə yığım qeydə alınıb. Zaqatalada güclü külək və intensiv leysan yağışlar nəticəsində tam yetişkənlik mərhələsində olan buğda bitkilərinin yerə yatması və dənin yerə tökülməsi müşahidə olunub. Goranboyda tərəvəz sahələrində subasma hadisəsi qeydə alınıb.
Şəki-Zaqatala bölgəsində çay kollarında yarpaqların 2-ci yığımı, tütün bitkisi üçün 7-ci, qarğıdalı üçün 9-11-ci, yarpağın çıxması müşahidə edilib. Şəkidə pomidor bitkilərinin çiçəkləməsi, Qubada hamaşçiçəklərin çıxması, Acınohurda yaşıl yetişkənlik, Sabirabadda narıncı yetişkənlik, Gədəbəy ərazisində kartofda çiçəkləmə, Acınohurda kələmdə başbağlama mərhələləri qeydə alınıb. Ayın sonlarında əksər taxılçılıq rayonlarında payızlıq dənli bitkilər əkilən sahələrdə məhsul yığımı baş tutub. Pambıq sahələrində bitkilər üzərində aparılmış fenoloji müşahidələrə əsasən Gəncədə 5-ci yarpağın çıxması, digər pambıqçılıq rayonlarında qönçələnmə mərhələsi müşahidə edilib. Ayın sonlarında bitkilərin hündürlüyü 23-44 sm qeydə alınıb.
İyun ayı əksər aran və dağətəyi rayonlarda alça, ərik, gilas, tut, albalı ağaclarında məhsul yığımı davam edib. Lənkəranda çay kollarında 2-ci məhsuldar zoğun əmələ gəlməsi, Zaqatala və Balakəndə tütün bitkisində aşağı yarusdakı yarpaqların texniki yetişkənliyi müşahidə edilib. Bostan və tərəvəz sahələrində aparılmış müşahidələrə əsasən Sabirabadda qarpız və pomidor bitkilərində tam yetişkənlik və yığım, Lənkəranda pomidorda narıncı yetişkənlik, Gədəbəy ərazisində kartofda çiçəkləmə, Acınohurda kələmdə texniki yetişkənlik mərhələsi qeydə alınıb.
Ay ərzində yağıntısız günlərdə təsərrüfat sahələrində suvarma, alaqvurma, zərərvericilərə qarşı bitkilərin kimyəvi dərmanlanması və digər aqrotexniki tədbirlər aparılıb.