Fevral ayı üçün Aqrometeoroloji icmal
Respublikanın əksər bölgələrində fevral ayı nisbətən yağıntılı keçib, havanın aylıq orta temperaturu çoxillik iqlim normasından 1-2ºC yüksək olması ilə səciyyələnib.
Ayın birinci ongünlüyündə payızlıq dənli bitkilərdə Beyləqanda buğum köklərinin yaranması, Cəfərxan, Yardımlı, Tərtər, Goranboy və Göyçayda kollanma, Biləsuvarda buğum bağlama mərhələləri davam edib, Zərdab və İmişlidə kollanma, Göyçayda yulaf bitkisində cücərmə fenoloji mərhələsi qeydə alınıb. Şəki-Zaqatala, Dağlıq Şirvan bölgələri və Qubada dekada ərzində qeydə alınan şaxtalı hava şəraiti və havanın temperaturunun normadan aşağı düşməsi payızlıq dənli bitkilərdə vegetasiyanın dayanmasına səbəb olub.
Ayın sonlarında payızlıq dənli bitkilərdə Oğuzda 3-cü yarpağın çıxması, Zaqatala, Gəncə və Tovuzda buğum köklərinin yaranması, Bərdədə kollanma fenoloji mərhələləri qeydə alınıb. Cəfərxan, Yardımlı, Tərtər, Goranboy, Göyçay, Zərdab, İmişlidə kollanma mərhələsi davam edib. Tərtər, Bərdə və Goranboyda 1m2 sahədə gövdələrin ümumi sayı 449-483 ədəd, Tərtərdə birkilərdə kollanma dərəcəsi 3,6%, Bərdə və Goranboyda 3,1%, Biləsuvarda 1,8% təşkil edib.Yardımlıda fındıq,alma, Göyçay və Zərdabda alça, Cəfərxan, Tərtər, Acınohurda ərik, Gəncə və Qazaxda albalı ağaclarında tumurcuqların şişməsi mərhələsi müşahidə edilib, Lənkəranda çay kollarının formalaşması qeydə alınıb.