Yanvar ayı üçün aqrometeoroloji icmal
Respublikanın əksər bölgələrində yanvar ayının birinci ongünlüyündə hava şəraiti yağıntılı keçib, yağıntılar əsasən qar şəklində düşüb. Havanın aylıq orta temperaturu çoxillik iqlim normasından 1ºC yüksək, bəzi yerlərdə norma daxilində olması ilə səciyyələnib.
Birinci dekadanın əvvəllərində Bərdə, Beyləqan və İmişlidə payızlıq taxıllarda buğum köklərinin yaranması, Goranboy, Cəfərxan, Sabirabad, Göyçay, Yardımlı və Biləsuvarda kollanma fenoloji mərhələləri qeydə alınıb. Kollanma mərhələsində bitkilərin hündürlüyü 17-27 sm arasında dəyişib. Ongünlüyün sonunda əksər bölgələrdə havanın temperaturunun normadan aşağı düşməsi taxıl bitkilərində inkişafın dayanmasına səbəb olub.
Ayın ikinci ongünlüyündə əksər taxılçılıq rayonlarında və digər bölgələrimizdə dekada ərzində qeydə alınan şaxtalı hava şəraiti və havanın temperaturunun normadan aşağı düşməsi payızlıq dənli bitkilərdə vegetasiyanın dayanmasına səbəb olub. Müşahidə edilmiş şaxtalı hava bitkilərdə yaranan xəstəliklərə və tarlalardakı zərərvericilərə qarşı müabirəzədə çox təsirli, effektiv və təbii üsuldur.
Yanvar ayının üçüncü ongünlüyündə Beyləqanda payızlıq dənli bitkilərdə buğum köklərinin yaranması, Yardımlı, Tərtər, Goranboy və Göyçayda kollanma mərhələləri davam edib, Biləsuvarda buğum bağlama fenoloji mərhələsi qeydə alınıb. Yardımlıda 1m2 sahədə bitkilərin orta sayı 196, gövdələrin ümumi sayı 360 ədəd, Tərtər, Goranboy və Sabirabadda gövdələrin ümumi sayı 402-477 ədəd təşkil edib. Yardımlıda bitkilərdə kollanma dərəcəsi 1,8%, Goranboyda 2,7%, Tərtərdə 3,4% olub. Şəki-Zaqatala, Dağlıq Şirvan bölgələri və Qubada dekada ərzində qeydə alınan şaxtalı hava şəraiti və havanın temperaturunun normadan aşağı düşməsi payızlıq dənli bitkilərdə vegetasiyanın dayanmasına səbəb olmuşdur.