Dekabr ayı üçün aqrometeoroloji icmal
Respublikanın əksər bölgələrində dekabr ayının birinci ongünlüyündə hava şəraiti yağıntılı keçib. Havanın orta temperaturu çoxillik iqlim normasından 2-3ºC aşağı, ikinci və üçüncü ongünlüklər isə az yağıntılı, havanın orta temperaturu çoxillik iqlim normasından 1-3ºC yüksək olması ilə səciyyələnib.
Ayın birinci ongünlüyündə payızlıq dənli bitkilərdə Zərdab, Bərdə, Tərtər,Gəncədə göyərmə, İmişli, Cəfərxan,Yardımlı və Goranboyda 3-cü yarpağın çıxması, İsmayıllı,Göyçay,Sabirabadda buğum köklərinin yaranması fenoloji mərhələləri qeydə alınıb. Quba, Şəki, Zaqatala və Oğuzda temperaturun kəskin düşməsi səbəbi ilə taxıl bitkilərində vegetasiyasının dayanması müşahidə edilib.
Ayın ikinci ongünlüyündə Goranboy, Zərdab, Beyləqan və Qubada 3-cü yarpağın çıxması, Yardımlıda buğum köklərinin yaranması, Sabirabad, Cəfərxan, Göyçay və Biləsuvarda kollanma fenoloji mərhələləri qeydə alınıb. Goranboyda 1m2 sahəyə düşən bitkilərin sayı 384,Göyçayda bitkilərdə gövdələrin ümümi sayı 497 ədəd təşkil edib. Gəncə və Şəki-Zaqatala bölgəsində temperaturun düşməsi səbəbi ilə taxıl bitkilərində vegetasiyasının dayanması müşahidə edilib. Üçüncü ongünlükdə payızlıq dənli bitkilərdə Beyləqan və Goranboyda buğum köklərinin yaranması fenoloji mərhələsi qeydə alınıb, Cəfərxanda kollanma, Tərtər, Zərdab və Qubada 3-cü yarpağın çıxması mərhələləri davam edib. Kollanma mərhələsində bitkilərin hündürlüyü 14-22 sm arasında dəyişib. Göyçayda 1m2 sahəyə düşən bitkilərdə gövdələrin ümümi sayı 581, İmişlidə bitkilərin orta sayı 692, Qubada 381 ədəd təşkil edib.