Oktyabr ayı üçün aqrometeoroloji icmal
Respublikanın əksər bölgələrində oktyabr ayının birinci ongünlüyü az yağıntılı, ikinci və üçüncü ongünlükləri isə nisbətən yağıntılı hava şəraiti və havanın orta temperaturunun çoxillik iqlim normasından 3-4ºC yüksək olması ilə səciyyələnib.
Oktyabr ayı ərzində aran rayonlarında sahələrdə pambıq xammalının yığımı davam edib, bir pambıq bitkisində formalaşmış qozaların orta sayı 17-18 ədəd, yetişmiş və yığılmış qozaların orta sayı 12-17 ədəd təşkil edib. Goranboyda quraq qozaların yığımı, Tərtərdə isə pambıq bitkisində vegetasiyanın dayanması müşahidə edilib.
Əksər aran və dağətəyi rayonlarda payızlıq dənli bitkilər əkiləcək sahələrin şumlanması və səpini baş tutub, üçüncü ongünlükdə Göyçay, Yardımlı və Şamaxıda bitkilərdə cücərmə, Sabirabadda göyərmə mərhələləri qeydə alınıb. Lənkəran-Astara bölgəsində feyxoa və naringi kimi sitrus meyvələrinin yetişməsi və yığımı, çay bitkisində toxumların yetişməsi, Zaqtalada qönçələnmə mərhələsi davam edib. Əksər aran və dağətəyi rayonlarda nar, heyva, xurma kimi ağaclarda meyvələrin yetişməsi və yığımı, həmçinin ağaclarda yarpaqların payız saralması müşahidə edilib.
Cəfərxanda yonca bitkisində 5-ci biçindən sonra otların boyatması, Gəncədə yaşıl kütlənin 4-cü biçini qeydə alınıb.