Sentyabr ayı üçün aqrometeoroloji icmal
Respublikanın əksər bölgələrində sentyabr ayının birinci ongünlüyü əsasən yağıntılı, ikinci və üçüncü ongünlükləri isə az yağıntılı hava şəraiti və havanın orta temperaturunun çoxillik iqlim normasından 2-4ºC yüksək olması ilə səciyyələnib.
Ayın birinci dekadasında Beyləqan, Sabirabad, Biləsuvarda pambıq bitkisində ilk qozaların açılması, Goranboy, Tərtər, Cəfərxan, İmişlidə ilk qozalarda pambıq xammalının yetişməsi fenoloji mərhələsi, Bərdədə isə müşahidə sahəsində məhsulun 1-ci yığımı qeydə alınıb. Zaqatalada çay kollarında 4-cü, Balakəndə qarğıdalı, Şəkidə isə kələm bitkisində məhsul yığımı müşahidə olunub.
İkinci ongünlük ərzində əksər aran rayonlarında pambıq bitkisində ilk qozalarda pambıq xammalının yetişməsi fenoloji mərhələsi, Bərdədə isə müşahidə sahəsində məhsulun 2-ci yığımı qeydə alınıb. Lənkəran-Astara bölgəsində feyxoa, naringi kimi sitrus və subtropik bitkilərdə budaqların 3-cü boy atması müşahidə edilib. Zaqatalada çay kollarında 5-ci dərəcəli məhsuldar budaqların çıxması fenoloji mərhələsi, Balakən və Zaqatalada tütün bitkisində yuxarı yarusdakı yarpaqların texniki yetişkənliyi və yığımı baş tutub.
Ayın sonlarında Goranboy, Tərtər, Beyləqanda ilk qozalarda pambıq xammalının yetişməsi fenoloji mərhələsi, Bərdədə 3-cü, İmişli, Cəfərxan və Gəncədə 1-ci yığım qeydə alınıb. Bir pambıq bitkisində formalaşmış qozaların orta sayı 13-17 ədəd, açılmış və yetişmiş qozaların sayı 8-10 ədəd təşkil edib.
Əksər aran və dağətəyi rayonlarda, fındıq, alma, armud kimi ağaclarda meyvələrin yığımı davam edib, Balakən və Oğuzda qoz bitkisində, Göyçayda nar və heyva bitkilərində meyvələrin yetişməsi mərhələsi müşahidə edilib. Müşahidə sahəsində pambıq bitkisində yığım qabağı defoliant maddələrlə yarpaqların tökülməsinin tezləşdirilməsi üçün dərmanlama, Tovuz, Gəncə, Sabirabad, İmişli, Quba, Tərtərdə isə payızlıq dənli bitkilər əkiləçək sahələrin səpinqabağı şumlanması kimi kənd təsərrüfatı işləri qeydə alınıb.