QARABAĞ AZƏRBAYCANDIR!

Dağlıq Qarabağ Azərbaycanın ən qədim və gözəl guşələrindən biridir. Azərbaycanın poeziya və musiqi beşiyi olan Dağlıq Qarabağ Azərbaycan Respublikasının əzəli-əbədi torpağı, ayrılmaz tərkib hissəsidir. Əsrarəngiz təbiəti, zəngin mənəvi və mədəni adət-ənənələri olan bir diyardır.
Qarabağ həm də bir çox görkəmli Azərbaycan alimlərinin, yazıçı və şairlərin, rəssam və musiqiçilərin vətənidir. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın adı Azərbaycan dilindəki “qara” və “bağ” sözlərindən əmələ gəlmişdir. “Qara” və “bağ” söz birləşməsi Azərbaycan xalqının özü qədər qədim tarixə malikdir. Dünyanın hər yerində bu söz birləşməsinin Azərbaycanın konkret ərazisinə aid edilməsi də danılmaz həqiqətdir.
Azərbaycan xalqının öz doğma torpağının bir parçasına verdiyi “Qarabağ” sözü ilk mənbələrdə hələ 1300 il bundan əvvəl (VII əsrdən!) işlənmişdir. Qarabağ əvvəllər tarixi-coğrafi bir anlayış kimi konkret məkanı bildirmiş, sonra isə Azərbaycanın geniş coğrafi ərazisinə aid edilmişdir.