15 Oktyabr 2026, 15:40
Milli Hidrometeorologiya Xidmətində YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətində Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayının yekunlarına və ölkənin ictimai-siyasi həyatında baş verən mühüm hadisələrə həsr olunmuş tədbir keçirilib.
İlk olaraq Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov YAP-ın VIII Qurultayının ölkənin ictimai-siyasi həyatında mühüm əhəmiyyət daşıdığını bildirib. O, qurultayda müəyyənləşdirilmiş strateji vəzifələrin və qarşıya qoyulmuş hədəflərin həyata keçirilməsində hər bir vətəndaşın məsuliyyətini vurğulayıb.
Çıxış zamanı Azərbaycanın qazandığı tarixi Zəfər, dövlət suverenliyinin tam təmin olunması, Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq işləri, Böyük Qayıdış proqramının icrası, eləcə də ölkəmizin beynəlxalq mövqeyinin möhkəmləndirilməsi istiqamətində əldə olunan nailiyyətlər diqqətə çatdırılıb.
Daha sonra YAP Nərimanov Rayon Təşkilatının sədri Elçin Quliyev çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixindəki müstəsna rolundan, onun müəyyənləşdirdiyi inkişaf strategiyasının əhəmiyyətindən, eləcə də işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərindən bəhs edib.
Tədbir çərçivəsində ölkəmizin əldə etdiyi nailiyyətlərin qorunması, davamlı inkişafın təmin edilməsi və qurultayda müəyyənləşdirilmiş strateji hədəflərin reallaşdırılması istiqamətində qarşıda duran vəzifələr müzakirə olunub.
Sonda Milli Hidrometeorologiya Xidmətində Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyularaq onun əziz xatirəsinə dərin ehtiram ifadə olunub.
Haqqımızda