Müşahidə olunan rekord yağıntı göstəriciləri

29 Mart 2026, 13:40

Müşahidə olunan rekord yağıntı göstəriciləri

Milli Hidrometeorologiya Xidmətinin çoxillik müşahidə məlumatlarına əsasən, Bakı və Abşeron yarımadasında indiyədək qeydə alınmış rekord yağıntı göstəriciləri ilə müqayisədə cari ilin mart ayında müşahidə edilən yağıntılar əhəmiyyətli dərəcədə yüksək olub.

Belə ki, 1988-ci il martın 21-də sutka ərzində düşən yağıntının miqdarı 36,8 mm təşkil edib ki, bu da aylıq normanın təxminən 150 %-nə bərabər olub.

Cari ilin mart ayının 27–28-də isə ümumilikdə 143 mm yağıntı qeydə alınıb. Bu isə aylıq normanın 606 %-ni təşkil edir.

Aylıq göstəricilərə gəldikdə, 1988-ci ilin mart ayında Bakı və Abşeron yarımadasında ümumilikdə 83 mm yağıntı düşüb ki, bu da aylıq normanın 352 %-nə bərabər olub. 2026-cı ilin mart ayının ilk 28 günü ərzində isə yağıntının miqdarı 151 mm təşkil edib. Bu göstərici aylıq normanın 640 %-i, yəni təxminən 6 dəfə çoxdur.

Beləliklə, müşahidə olunan yağıntı göstəriciləri 1988-ci ilin müvafiq rekordları ilə müqayisədə sutkalıq maksimum üzrə təxminən 4 dəfə, aylıq göstərici üzrə isə təxminən 2 dəfə çoxdur. Bu isə cari dövrdə yağıntıların intensivliyinin və anomaliyasının yüksək olduğunu göstərir.