23 Mart 2026, 11:50

Hidrometeoroloji müşahidələrin təşkili

Ölkəmiz hidrometoroloji xidmətin təşkilini Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) tələb və tövsiyələrinə uyğun aparır. Son illərdə erkən xəbərdarlıq sisteminin inkişafı, müşahidə şəbəkəsinin avtomatlaşması istiqamətində mühüm işlər həyata keçirilib.

Ekologiya və Təbii Sərvətlər yanında Milli Hidrometeorologiya Xidmətinin müşahidə şəbəkəsində modernləşdirmə işləri “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”, o cümlədən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” və Dövlət investisiya layihələri çərçivəsində həyata keçirilir.

Belə ki, hidroloji müşahidə üzrə məntəqələrin 45% (40 hidroloji məntəqə), meteoroloji müşahidələr üzrə stansiyaların 74% (69 meteoroloji stansiya), dəniz müşahidələri üzrə stansiyaların 67% (6 məntəqə) avtomatlaşdırlmışdır.

Yerüstü müşahidələrlə yanaşı, atmosferin daha dəqiq təhlili məqsədilə radiometeoroloji və aeroloji müşahidə şəbəkəsi də inkişaf etdirilir. Hazırda ölkə ərazisində iki ədəd C-band və bir ədəd X-band Doppler radarı fəaliyyət göstərir.

Bundan əlavə, son illərdə aeroloji müşahidələr bərpa olunmuş, paytaxt Bakıda və ölkənin ikinci böyük şəhəri olan Gəncədə zond müşahidələrinin aparılmasına başlanılmışdır.

Hazırda Xidmət tərəfindən müasir tələblərə cavab verən yeni avtomat stansiyaların alınması istiqamətində işlər davam etdirilir. Meteoroloji müşahidə şəbəkəsinin tam modernləşdirilməsi hava şəraiti haqqında əldə olunan məlumatların keyfiyyətini yüksəltməyə və hidrometeoroloji proqnozların dəqiqliyini daha da artırmağa imkan verəcəkdir.

Ümumdünya Meteorologiya Günü meteoroloqların cəmiyyətin təhlükəsizliyinin təmin olunması, təbii fəlakət risklərinin azaldılması və dayanıqlı inkişafın dəstəklənməsi istiqamətində gördüyü mühüm fəaliyyətin əhəmiyyətini bir daha vurğulayır.