12 Mart 2026, 17:00

Milli Hidrometeorologiya Xidmətinə infotur təşkil edilib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Aqrar, Ekologiya və Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin üzvləri üçün Milli Hidrometeorologiya Xidmətinə infotur təşkil edilib.

İnfotur çərçivəsində iştirakçılar əvvəlcə Xidmətin nəzdində fəaliyyət göstərən Hidrometeorologiya Muzeyi ilə tanış olublar. Muzeydə hidrometeorologiya sahəsinin inkişaf tarixini əks etdirən eksponatlar, müxtəlif dövrlərdə istifadə olunmuş meteoroloji cihazlar və müşahidə alətləri barədə məlumat verilib.

Daha sonra tədbir iştirakçıları Xidmətin Situasiya Mərkəzinin fəaliyyəti ilə tanış olublar. Onlara hidrometeoroloji müşahidələrin aparılması, ölkə üzrə meteoroloji məlumatların toplanması və təhlili, eləcə də hava və iqlim şəraiti ilə bağlı məlumatların operativ hazırlanaraq ictimaiyyətə çatdırılması prosesi barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, Situasiya Mərkəzi ölkə ərazisində baş verən hidrometeoroloji proseslərin operativ izlənilməsi və təhlil olunmasında mühüm rol oynayır.

İnfoturun məqsədi iştirakçıların hidrometeoroloji müşahidələr sistemi, operativ məlumatların toplanması və təhlili, eləcə də ölkədə hava və iqlim şəraiti ilə bağlı məlumatların hazırlanması və yayılması mexanizmi barədə məlumatlılığının artırılması olub.