02 Dekabr 2025, 15:20
Azərbaycan Tibb Universitetində “Müxtəlifliyi yaşa, birliyə töhfə ver” şüarı altında Mədəniyyətlərarası Tələbə Festivalı keçirilib.
Festival çərçivəsində professor-müəllim heyəti və təhsil alanlar üçün Dayanıqlı İnkişaf Məqsədlərinə həsr edilmiş silsilə sessiyalar baş tutub. Tədbirdə sosial, iqtisadi və ekoloji dayanıqlılıq istiqamətləri üzrə müxtəlif qurum və təşkilatların nümayəndələri çıxış ediblər.
Sessiyaların bir hissəsi dayanıqlı inkişaf və tərəfdaşlıq istiqamətinə həsr olunub və Prezident Administrasiyasından Faiq Mütəllimov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Aygün Nərimanova, millət vəkili Rasim Musabəyov, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən Müjdat Həsənov təqdimatlar nümayiş etdirərək “İqlim dəyişməsinə qarşı mübarizə”, “Dəniz ekosisteminin mühafizəsi”, “Torpaq ekosisteminin mühafizəsi”, “Sülh, ədalət və səmərəli institutlar”, “Məqsədlər üçün tərəfdaşlıq” mövzularında çıxış ediblər.
Festival çərçivəsində keçirilən sessiyalar tələbələrə Dayanıqlı İnkişaf Məqsədlərinin müxtəlif aspektləri haqqında geniş məlumat əldə etmək və ekspertlərlə fikir mübadiləsi aparmaq imkanı yaradıb.