25 Noyabr 2025, 14:30
Qərbi Kaspi Universitetinin tələbələri Milli Hidrometeorologiya Xidmətində maarifləndirici səfərdə olublar
Gənclər arasında ekoloji biliklərin artırılması və hidrometeorologiya sahəsinin praktiki tərəfləri ilə tanışlıq məqsədilə Qərbi Kaspi Universitetinin tələbələri üçün Milli Hidrometeorologiya Xidmətinə maarifləndirici ekskursiya təşkil olunub.
Ekskursiya zamanı tələbələr əvvəlcə Xidmətin tarixini, ölkədə hidrometeoroloji fəaliyyətin formalaşmasını və illər ərzində istifadə olunan cihaz və avadanlıqların inkişaf mərhələlərini əks etdirən ekspozisiya ilə tanış olublar. Onlara müşahidə proseslərində tətbiq olunan texniki vasitələr, arxiv materialları və ölkənin hidrometeoroloji irsi barədə geniş məlumat verilib.
Daha sonra gənclər Xidmətin Situasiya Mərkəzində aparılan operativ iş prosesini izləyiblər. Mərkəzdə mütəxəssislər tərəfindən meteoroloji məlumatların real vaxt rejimində toplanması və emalı, hava proqnozlarının hazırlanması, hava radarlarının fəaliyyət prinsipləri, eləcə də erkən xəbərdarlıq mexanizmləri haqqında ətraflı izahat verilib.
İnteraktiv müzakirə formatında davam edən görüşdə iştirakçıların ətraf mühitin mühafizəsi, iqlim dəyişmələrinin təsirləri, atmosfer proseslərinin idarə olunmasında müasir yanaşmalar və hidrometeorologiyanın cəmiyyət üçün əhəmiyyəti ilə bağlı sualları ətraflı cavablandırılıb.