17 Noyabr 2025, 12:50

Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin şagirdləri Milli Hidrometeorologiya Xidmətində maarifləndirici ekskursiyada olublar

Təbiət elmlərinə marağın artırılması, eləcə də hidrometeorologiya sahəsi üzrə ilkin biliklərin aşılanması məqsədilə Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin şagirdləri üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə maarifləndirici ekskursiya təşkil edilib.

Ekskursiyanın ilk mərhələsində şagirdlər Milli Hidrometeorologiya Muzeyi ilə tanış olublar. Burada onlara ölkəmizdə hidrometeorologiya fəaliyyətinin tarixi inkişafını əks etdirən ölçü cihazları, xüsusi avadanlıqlar, sənədlər və arxiv fotoşəkillər barədə ətraflı məlumat təqdim edilib.

Daha sonra məktəblilər Xidmətin Situasiya Mərkəzini ziyarət edərək hidrometeoroloji məlumatların toplanması, emalı və proqnozlaşdırılması prosesini canlı şəkildə izləyiblər. Onlara müasir meteoroloji sistemlərin iş prinsipi, radar məlumatlarının tətbiqi və hava proqnozlarının hazırlanması mərhələləri barədə əyani izahlar verilib.

Ekskursiyanın sonunda keçirilən sual-cavab sessiyasında şagirdlərin ətraf mühitin qorunması, iqlim dəyişmələrinin təsirləri və bu sahədə gənclərin rolu ilə bağlı sualları mütəxəssislər tərəfindən cavablandırılıb.