03 Noyabr 2025, 13:15

“II Yaşıl düşüncə maarifləndirmə proqramı" çərçivəsində beynəlxalq ekoloji çərçivələr və bərpa olunan enerji mövzularında təlimlər keçirilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilən “II Yaşıl düşüncə maarifləndirmə proqramı” çərçivəsində gənclər üçün “Ətraf mühit sahəsində beynəlxalq çərçivələr: beynəlxalq ekoloji konvensiyalar və qlobal təcrübələr” və “Bərpa olunan enerjidən istifadə: iqtisadi və ekoloji aspektlərə baxış” mövzularında təlimlər təşkil olunub.

Təlimə Beynəlxalq əməkdaşlıq şöbəsinin sektor müdiri Aysel Rzayeva start verərək, iştirakçılara ölkəmizin ətraf mühit sahəsində qoşulduğu beynəlxalq konvensiyalar, təşkilatlar və bu istiqamətdə qəbul olunan beynəlxalq müqavilələrin milli səviyyədə icrasının hüquqi aspektləri barədə məlumat verib.

Daha sonra təlim Orxus İctimai Ekoloji İnformasiya Mərkəzində davam edib, gənclər “Ətraf mühitə dair məlumat almaq, qərarların qəbul edilməsində iştirak və ədalət məhkəməsinin açıqlığı haqqında” BMT-nin Avropa İqtisadi Komissiyasının 1998-ci il tarixli Konvensiyası (Orxus Konvensiyası) barədə məlumatlandırılıb.

Təlimin ikinci hissəsində müstəqil ekspert Kənan Arifli tərəfindən “Bərpa olunan enerjidən istifadə: iqtisadi və ekoloji aspektlərə baxış” mövzusunda təlim keçirilib. Təlim zamanı iştirakçılara enerji mənbələrinin təsnifatı, bərpa olunan enerji növləri və onların iqtisadi, xüsusilə də ekoloji üstünlükləri, eləcə də bu sahədə tətbiq olunan müasir texnologiyaların inkişafı barədə ətraflı məlumat təqdim olunub.

Bu təlimlər gənclərin ekoloji biliklərinin artırılması, beynəlxalq təcrübə ilə tanış olmaları və davamlı inkişaf məqsədlərinə töhfə vermələri baxımından mühüm əhəmiyyət kəsb edir.