17 Oktyabr 2025, 18:45

Milli Hidrometeorologiya Xidmətində (MHX) Qazaxıstan Respublikasının “Xəzər Dənizi üzrə Qazax Elmi-Tədqiqat İnstitutu”nun nümayəndələri ilə görüş keçirilib

2025-ci il 15 oktyabr tarixində MHX-də Qazaxıstan Respublikasının “Xəzər Dənizi üzrə Qazax Elmi-Tədqiqat İnstitutu”nun nümayəndələri ilə görüş baş tutub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, MHX -nin, eləcə də Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşlarının iştirak etdikləri görüşdə Qazaxıstan tərəfini İnstitutun Elm üzrə sədr müavini Serik Timirxanov və Dəniz ekspedisiyası rəhbəri Merek Abduraxmetov təmsil ediblər.

Tədbir öncəsi Qazaxıstan nümayəndə heyətinə MHX-nin Hidrometeorologiya Muzeyi və Situasiya Mərkəzi nümayiş etdirilib. Qonaqlara hidrometeoroloji müşahidə sistemlərinin iş prinsipləri, ölkədə istifadə olunan müasir meteoroloji texnologiyalar haqqında ətraflı məlumat verilib.

Görüş zamanı Nazirliyin aidiyyəti qurumları tərəfindən Xəzər dənizində aparılan hidrometeoroloji müşahidələr, icra olunan ekoloji monitorinqlər barədə təqdimatlar nümayiş etdirilərək dənizin ekosisteminin mühafizəsi, iqlim dəyişmələrinin dəniz səviyyəsinə, sahilyanı ərazilərə təsiri, həmçinin bu istiqamətdə aparılan elmi-tədqiqat və monitorinq işlərinin gücləndirilməsi məsələləri müzakirə olunub.