08 May 2025, 14:30
Karbon ayaq izinin hesablanması ilə bağlı tədbir keçirilib
Milli Hidrometeorologiya Xidmətinin Beynəlxalq əməkdaşlıq və iqlim dəyişmələri şöbəsinin əməkdaşları tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin inzibati binasında Karbon Ayaq İzinin hesablanması üzrə Nazirliyin şöbələrinin və tabeli qurumlarının əməkdaşlarına təlim-seminar keçirilmişdir.
İlk növbədə, Beynəlxalq əməkdaşlıq və iqlim dəyişmələri şöbəsinin müdiri Fuad Hümbətov təlimi açıq elan edərək, seminarın əsas keçirilmə səbəbini dinləyicilərin nəzərinə çatdırmışdır. Daha sonra seminarda “Azərbaycan və iqlim dəyişmələri siyasəti” mövzusunda Beynəlxalq əməkdaşlıq və iqlim dəyişmələri şöbəsinin iqlim dəyişmələri sektorunun baş məsləhətçisi Mehriban Mirzəli təqdimatla çıxış etmişdir.
Təlimin növbəti dəqiqələrində Karbon Ayaq İzinin hesablanması mövzusunda şöbə müdiri F. Hümbətov təqdimatla çıxış edərək, energetika, nəqliyyat və bərk tullantıların idarəolunması sektorları üzrə müəssisə daxili emissiyaların atmosferə atılması istiqamətində geniş məlumat vermişdir.
İki gün davam edən təlim seminarın növbəti günündə İqlim dəyişmələri mərkəzinin baş mühəndisi Gülnar Muradova hər sektora uyğun nümunələrlə tədbir iştirakçılarına geniş izah vermiş, eyni zamanda hər sektor üzrə müəssisədə formalaşan zərərli emissiyaların düzgün qiymətləndirilməsini praktiki məşğələ ilə öyrətmişdir.
Qeyd edək ki, ölkəmizdə iqlim şəffaflığının artırılması məqsədilə, qeyd olunan uğurlu təcrübənin yaxın perspektivdə digər dövlət qurumlarında da davam etdirilməsi nəzərdə tutulur.