17 May 2024, 16:15

ADA məktəbinin şagirdləri Milli Hidrometeorologiya Xidmətində olub

ADA məktəbinin şagirdləri hava ölçmələri və monitorinqlərlə bağlı məlumatlarla tanış olmaq məqsədilə Milli Hidrometeorologiya Xidmətinin Situasiya Mərkəzində ekskursiyada olub.

Ekskursiya Situasiya mərkəzində yerləşən “Hidrometeorologiyanın tarixi muzeyi” ilə tanışlıqla başlayıb, burada şagirdlərə Xidmətin mütəxəssisləri tərəfindən hidrometeoroloji müşahidələrin təşkili, cihaz və avadanlıqların istifadə qaydaları, hidrometeoroloji məlumatların qəbulu, emalı, vizuallaşması, doppler radar sistemi, həmçinin əldə edilmiş məlumatlar əsasında hava proqnozunun hazırlanması prosesi izah olunub. Daha sonra şagirdlərə hava keyfiyyətinə dair məlumatların toplanması və mübadiləsi prosesi barədə ətraflı məlumat verilib.

Həmçinin şagirdlər Azərbaycanın müxtəlif regionlarında fəaliyyət göstərən tam avtomatlaşdırılmış, canlı müşahidə kameraları ilə təchiz olunmuş və mütəmadi ölçmələr aparılan məntəqələrdən havanın faktiki vəziyyətini izləmək şansı əldə edib.

Eyni zamanda, ekskursiya zamanı şagirdlərə iqlim dəyişmələrinin ətraf mühitə təsiri, erkən xəbərdarlıq sisteminin yaradılmasının vacibliyi, Xəzər dənizinin səviyyə tərəddüdü və digər mövzular barədə də geniş məlumat verilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.