23 Aprel 2024, 11:49

22 aprel “Yer Günü” ilə əlaqədar 267 saylı məktəb-liseyin şagirdləri Milli Hidrometeorologiya Xidmətində ekskursiyada olub

Şagirdlərə “Yer Günü” haqqında ətraflı məlumat verilib, günün əhəmiyyəti, eləcə də ekoloji problemlər haqqında məlumatlılığı artırmaq və ətraf mühitin mühafizəsini təşviq etmək məqsədilə maarifləndirici müzakirələr təşkil edilib.

Situasiya mərkəzində yerləşən “Hidrometeorologiyanın tarixi muzeyi” ilə tanışlıqdan sonra şagirdlərə Xidmətin mütəxəssisləri tərəfindən hidrometeoroloji müşahidələrin təşkili, cihaz və avadanlıqların istifadə qaydaları, hidrometeoroloji məlumatların qəbulu, emalı, vizuallaşması, doppler radar sistemi, həmçinin əldə edilmiş məlumatlar əsasında hava proqnozunun hazırlanması prosesi izah olunub.

Ekskursiya zamanı şagirdlərə iqlim dəyişmələrinin ətraf mühitə təsiri, iqlimə uyğunlaşma, erkən xəbərdarlıq sisteminin yaradılmasının vacibliyi, iqlim dəyişmələrinin fəsadları haqqında və noyabr ayında Bakı şəhərində keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası barədə məlumatlar verilib.

Görüş şagirdlər tərəfindən böyük maraqla qarşılanılıb və onların sualları Xidmət əməkdaşları tərəfindən cavablandırılıb.