01 Dekabr 2023, 10:00
Su ehtiyatlarının qiymətləndirilməsində “Hidroloji proqnoz”ların rolu
Hidroloji proqnozların ölkə iqtisadiyyatında böyük əhəmiyyəti vardır. Hər il mütəmadi olaraq hazırlanan yaz-yay gursululuğa dair hidroloji proqnozu müxtəlif məqsədlərlə sudan istifadənin daha səmərəli planlaşdırılmasında, o cümlədən su anbarlarında səviyyənin tənzimlənməsində, əhalinin, energetikanın, kənd təsərrüfatının, su təchizatının balanslı təşkil edilməsinə xidmət göstərir.
Gündəlik olaraq Tranzit və daxili çaylarda, iri su anbarlarında faktiki vəziyyət, çaylarda müşahidə olunan və gözlənilən sululuğa dair icmal və su anbarlarına gözlənilən axım proqnozu barədə “Gündəlik hidroloji bülleten” hazırlanır. Eyni zamanda mütəmadi olaraq aşağıdakı növdə hidroloji proqnozlar tərtib edilir:
• Su anbarlarına (Şəmkir, Mingəçevir) gündəlik axım proqnozu
• Kür çayının aşağı axınında 2 məntəqə üzrə iki günlük səviyyə proqnozu
• Ongünlük proqnoz
• Aylıq proqnoz
• Su anbarlarına (Şəmkir, Mingəçevir) rüblük axım proqnoz
• Yaz-yay (aprel-iyun) gursululuq dövrü proqnozu
• Xəbərdarlıq
Azərbaycan Respublikası çaylarında yaz-yay gursululuq dövrünün axımı, əsasən çay hövzələrində qış dövründə 1000-3500 metr yüksəklik zonasında toplanan qar ehtiyatları və yaz yağıntıları hesabına formalaşır.
Mart ayında ETSN-nin Milli Hidrometeorologiya Xidməti tərəfindən Böyük və Kiçik Qafqazın, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonunun dağlıq zonalarında 31 və Naxçıvan MR-da 5 müxtəlif marşrutlar üzrə çay hövzələrində qarölçmə işləri aparılıb.
Bütün ölçü işləri xüsusi cihaz və avadanlıqlarla aparılır və nəticədə qar örtüyünün hündürlüyü, çəkisi, sıxlığı və sululuğu təyin olunur. Bununla yanaşı bütün bölgələrdə qar örtüyünün aşağı sərhədi müəyyən edilir.
Hər il sistematik olaraq hazırlanan yaz-yay gursululuğunun və çaylarda daşqın hadisələrinin axım proqnozu əhaliyə və infrastruktur sahələrə dəyə biləcək ziyanların minimuma endirilməsində böyük əhəmiyyətə malikdir. Aparılmış qarölçmə işlərinin nəticələri, eyni zamanda aylıq və fəsillik hava proqnozları məlumatları nəzərə alınmaqla Respublikanın çaylarında aprel, may, iyun ayları üçün yaz-yay gursululuğunun və daşqın hadisələrinin axım proqnozu hazırlanaraq müvafiq dövlət qurumlarına təqdim edilir.
Hidroloji proqnozlar su ehtiyatlarının inteqrasiyalı idarə edilməsində və daşqınların vurduğu zərərin azaldılmasında getdikcə daha çox əhəmiyyət kəsb edir. Belə ki, son illərdə təhlükəli hidroloji hadisələrin sayı artıb. Məsələn, 2023-cü ildə 147 sel hadisəsi müşahidə olunmuşdur ki, bu son 57 ildə ən rekord göstəricidir.