25 May 2023, 18:30

Ümumdünya Meteorologiya Konqresi

Cenevrə Beynəlxalq Konfrans Mərkəzində (CICG) 19 Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) ali orqanı olan On Doqquzuncu Ümumdünya Meteorologiya Konqresi (Cg-19) 22 may - 2 iyun 2023-cü il tarixlərində keçirilir. Konqres ÜMT-nin 2024-2027-ci illər üçün Strateji Planı təsdiq edəcək və ÜMT rəhbərliyini seçəcəkdir.
Konqresdə ÜMT-nin VI Regional Assossiasiyasının (RA) növbədənkənar sessiyası 23 May 2023-cü ildə keçirilmiş və Ruminiyanın Meteorologiya qurumunun ÜMT-də daimi təmsilçisi olan xanım Yelena Mateesku onun Prezidenti seçilmişdir.

Konqresdə Azərbaycanı təmsil edən Milli Hidrometeorologiya Xidmətinin rəisi vəzifəsini icra edən Rafiq Verdiyev xanım Mateesku ilə Assosiasiyanın planlarına dair müzakirələr aparmışdır.
Xüsusilə də VI RA-nın işində Azərbaycanın fəal iştirakı, o cümlədən iqlim dəyişmələri nəticəsində ölkədə baş verən təhlükəli hidrometeoroloji hadisələrin daha da intensivləşməsi nəticəsində yaranan problemlər və onunla bağlı lazımi qabaqlayıcı tədbirlərin görülməsi, o cümlədən “Erkən Xəbərdarlıq Sistemi”nin yaradılmasına dair müzakirələr aparıldı.

ÜMT-nin Baş Katibi prof. Petteri Taalasla görüş zamanı Azərbaycanda hidrometeorologiya sahəsində fəaliyyətin ÜMT standartlarına uyğun həyata keçirilməsi üzrə əməkdaşlığa dair fikir mübadiləsi aparıldı.
Cənab Taalas bildirdi ki, o Nyu-Yorkda keçirilən Su Konfransı zamanı su ehtiyatları və iqlim dəyişmələri üzrə müxtəlif regional tədbirlərin həyata keçirilmsi sahəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Naziri Cənab Muxtar Babayevlə müvafiq danışıqlar aparmış və bu kimi fəaliyyətləri tamamilə dəstəkləyir.

Daha sonra Rafiq Verdiyev Türkiyə, Qazaxıstan, Gürcüstan və digər qurumların nümayəndələri ilə iqlim dəyişmələri, transsərhəd sular və təhlükəli hidrometeoroloji hadisələr (dolu, sel, daşqın və s.) sahələrdə birgə fəaliyyətə dair müzakirələr aparmışdır.
Eyni zamanda hidrometeoroloji cihazlar üzrə məşhur olan Almaniyanın SEBA, Avstriyanın SOMMER və ABŞ-ın BARON və digər şirkətləri ilə görüşlər keçirilərək gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilmişdir.