16 Yanvar 2026, 19:30

Şagirdlərin Milli Hidrometeorologiya Xidmətinə ekskursiyası təşkil olunub

İnklüziv maarifləndirmə təşəbbüsü çərçivəsində təşkil olunmuş ekskursiya zamanı 8 nömrəli Sanatoriya tipli internat məktəbinin şagird və müəllim heyəti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Situasiya Mərkəzi və Hidrometeorologiya Muzeyi ilə tanış olub.

Ekskursiya proqramına uyğun olaraq Hidrometeorologiya Muzeyində Xidmətin mütəxəssisləri tərəfindən şagirdlərə ölkəmizdə hidrometeoroloji müşahidələrin zəngin tarixi, müxtəlif dövrlərdə istifadə olunmuş ölçü cihazları, bu cihazların iş prinsipləri barədə ətraflı məlumat verilib.

Tədbirin növbəti mərhələsində şagirdlər Situasiya Mərkəzində müasir hava proqnozlarının hazırlanma prosesini interaktiv formatda izləyiblər. Burada onlara avtomatlaşdırılmış meteoroloji stansiyalardan daxil olan faktiki hava məlumatlarının qəbulu, müasir meteoroloji radar görüntülərinin təhlili, habelə hidrometeoroloji proqnoz modellərinin qurulması prosesi əyani şəkildə nümayiş etdirilib.

Ekskursiyanın sonunda, ölkəmizdə elan olunmuş “Şəhərsalma və Memarlıq İli” çərçivəsində iqlimə dayanıqlı şəhər infrastrukturunun əhəmiyyəti diqqətə çatdırılıb, gələcəyin “yaşıl şəhər”lərinin formalaşdırılmasında gənclərin rolu müzakirə edilib. Eyni zamanda iqlim dəyişmələri fonunda Erkən Xəbərdarlıq Sistemlərinin əhalinin təhlükəsizliyinin təmin olunmasında daşıdığı həyati əhəmiyyət barədə şagirdlərə ətraflı məlumat verilib.