Yayda meyvə ağaclarına necə qulluq etməliyik
Ağacların normal böyüməsi və onlardan yüksək məhsuldarlıq əldə olunması məqsədilə yay mövsümündə ağaclar həftədə iki dəfə suvarılmalıdır. Torpağın xüsusiyyətindən asılı olmayaraq, ağaca verilən su torpağı 1-1,5 metr dərinlikdə islatmalıdır. Çünki dayaz suvarma zamanı torpağın ancaq üst şum qatı islanır və ağac normal böyüyə bilmir.
Ağac əkilən vaxtdan inkişaf dövrünə qədər onlara baxış keçirilməli, əgər ağacın dibi boşalarsa, mütləq bərkidilməlidir. Əks halda ora hava daxil olar və ağac quruya bilər Əgər ağacların yarpaqlarında saralma, gövdəsində quruma, zəifləmə müşahidə olunarsa, bu zaman ağacın kökünü qüvvətləndirən dərmanlardan istifadə etmək lazımdır.
Meyvə bağlarından davamlı olaraq bol və keyfiyyətli məhsulun əldə olunması üçün mövsümə uyğun olaraq lazımı aqrotexniki və bitki mühafizə tədbirlərinin görülməsi mühüm əhəmiyyət kəsb edir. Bitkilərin nisbi sükünət dövründə belə aqrotexniki və bitki mühafizə işləri davam etdirilməlidir.