Mart ayı üçün Aqrometeoroloji icmal
Respublikanın əksər bölgələrində mart ayı az yağıntılı, havanın orta temperaturunun çoxillik iqlim normasından 5-6ºC yüksək olması ilə səciyyələnib.
Ay ərzində Cəfərxan və İmişlidə payızlıq dənli bitkilərdə buğum bağlama mərhələsi, Biləsuvarda gövdənin aşağı buğumunun yer səthinə çıxması, Şəki, Oğuz, Qubada və digər taxılçılıq rayonlarında isə kollanma fenoloji mərhələsi qeydə alınıb.Tərtər, Bərdə və Goranboyda 1m2 sahədə gövdələrin ümumi sayı 449-483 ədəd, Tərtərdə birkilərdə kollanma dərəcəsi 3,6%, Bərdə və Goranboyda 3,9%, Şəkidə 2,4-2,5% təşkil edib.Əksər aran və dağətəyi rayonlarda alma, fındıq, ərik, albalı,əncir, tut kimi ağaclarda tumurcuqların şişməsi və açılması, Zərdabda isə alça bitkisində çiçəkləmə mərhələsi qeydə alınıb.
Mart ayının sonlarında Naxçıvan və Şamaxıda payızlıq dənli bitkilərdə buğum köklərin yaranması, İsmayıllı və Qəbələdə kollanma, Quba, Oğuz, Beyləqan, Cəfərxan, Sabirabad və Biləsuvarda gövdənin aşağı buğumunun yer səthinə çıxması, digər taxılçılıq rayonlarında isə buğum bağlama fenoloji mərhələsi müşahidə edilib. Buğum bağlama mərhələsində bitkilərin hündürlüyü 31-42 sm, gövdənin aşağı buğumunun yer səthinə çıxması mərhələsində 38-59 sm təşkil edib. Cəfərxanda ölçü sahəsinin bir vahidində bitkilərdə gövdələrin ümumi sayı 1734-1950 ədəd qeydə alınıb.
Əksər aran və dağətəyi rayonlarda alma, fındıq, ərik, albalı,əncir, tut kimi ağaclarda 1-ci və 3-cü yarpaqların açılması, ərik,albalı, gilas və alça bitkilərində çiçəkləmə, çiçəkləmənin sonu,Lənkəran və Gəncədə üzüm kollarında şirə dövranının başlanması və gözcüklərin açılması, Lənkəranda çay kollarında 1-ci yarpağın çıxması mərhələsi müşahidə edilib. Cəfərxan, Gəncə, Şəki və Qəbələdə yonca bitkisində gövdənin böyüməsi,yan budaqların çıxması, Zaqatalada hamaşçiçəklərin yaranması, Acınohur və Ceyrançöldə isə otlaq bitkilərində yaz vegetasiyasının başlanması davam edib.