Respublikanın əksər bölgələrində may ayı havanın orta temperaturunun çoxillik iqlim normasına yaxın və yağıntılı hava şəraiti ilə səciyyələnmişdir ki, bu da kənd təsərrüfatı bitkiləri üçün əlverışli olmuşdur.
  Ay ərzində Zərdab, Yardımlı, Tərtər,Gəncə, Tovuz, Zaqatala, İmişli və İsmayıllıda payızlıq dənli bitkilərdə süd yetişkənliyi, Goranboy, Göyçay, Beyləqan, Cəfərxan və Naxçıvanda mum yetişkənliyi, Sabirabad və Şəkidə arpa, Göytəpədə buğda bitkilərində tam yetişkənlik, mərhələsi qeydə alınmışdır. Mum yetişkənliyi mərhələsində Zərdabda bir sünbüldə sünbülçüklərin cəm sayı 16 ədəd, inkişaf etməmiş sünbülçüklərin sayı 2, Yardımlıda bir sünbüldə sünbülçüklərin cəm sayı 34 ədəd, inkişaf etməmiş sünbülçüklərin sayı 2, Göyçayda bir sünbüldə sünbülçüklərin cəm sayı 15 ədəd, inkişaf etməmiş sünbülçüklərin sayı 2 , Şamaxıda bir sünbüldə sünbülçüklərin cəm sayı 16 ədəd, inkişaf etməmiş sünbülçüklərin sayı 3, 1m2 sahədə gövdələrin ümumi sayı 591-617, sünbüllü gövdələrin ümumi sayı 562-605 ədəd təşkil etmişdir. Yağıntılı hava şəraiti pambıq bitkisinin inkişafı üçün əlverişli olmuş, Beyləqan və Gəncədə bitkilərdə 1-ci, Sabirabad, Tərtər, Bərdə, Goranboyda 3-cü, Cəfərxanda 5-ci yarpağın çıxması fenoloji mərhələsi müşahidə edilmişdir. Goranboyda ölçü sahəsinin bir vahidində bitkilərin orta sayı 1488, Cəfərxanda 1200 ədəd qeydə alınmışdır.
  Əksər aran və dağətəyi rayonlarda gilas, albalı, ərik, şaftalı, gavalı, alma, armud, heyva və digər meyvə ağaclarında meyvələrin böyüməsi, nar, xurma, fındıq, qoz ağaclarında çiçəkləmə mərhələsi, Zaqatala və Lənkəranda çay kollarında yarpaqların 1-ci yığımı davam etmiş, Biləsuvar, Zaqtala, Oğuz, Göyçay, imişlidə tut, Göyçayda alça bitkisində meyvələrin yetişməsi mərhələsi müşahidə edilmişdir. Yağıntılı hava şəraiti əkilmiş bostan və tərəvəz bitkilərinin suya olan tələbatını nisbətən ödəmiş, bitkilərin növbəti mərhələyə keçməsi üçün əlverişli olmuş, ayın sonlarında Zaqatalada qarğıdalı bitkisində 3-cü, Şəkidə 7-ci əsl yarpağın çıxması, Cəfərxan və Sabirabadda qarpızda qönçələnmə mərhələsi qeydə alınmışdır. Qubada intensiv yağıntılar nəticəsində alça bitkisində meyvələrin saralıb tökülməsi, Şəkidə qarğıdalı bitkisində sünbüldə dənin olmaması, Cəfərxanda yonca bitkisinin zərərvericilər tərəfindən zədələnməsi qeydə alınmışdır. Əksər rayonlarda yonca bitkisində gövdənin böyüməsi, yan budaqların çıxması mərhələləri davam etmiş, Zaqatala , Şəki və Cəfərxanda 1-ci biçindən sonra hamaşçiçəklərin çıxması və otların boy atması mərhələsi müşahidə edilmişdir.