Mart ayı üçün aqrometeoroloji icmal
Respublikanın əksər bölgələrində mart ayı yağıntılı və qeyri sabit hava şəraiti ilə səciyyələnmiş, ayın birinci ongünlüyü havanın orta temperaturu çoxillik iqlim normasından 2-4°C yüksək, ikinci və üçüncü ongünlükləri isə normadan aşağı olmuşdur.
Ayın birinci ongünlüyündə əksər aran rayonlarında və bəzi dağətəyi ərazilərdə payızlıq dənli bitkilərdə buğumköklərinin yaranması və kollanma mərhələsi, Sabirabadda gövdənin aşağı buğumunun yer səthinə çıxması fenoloji mərhələsi davam etmiş,Cəfərxanda buğumbağlama mərhələsi qeydə alınmış, bitkilərin boyu 32-35 sm təşkil etmişdir. Kollanma mərhələsində bitkilərdə kollanma dərəcəsi Şəkidə 2.1-2.3%, Biləsuvarda 1.9% olmuşdur. Şəki, Zaqatala, Qəbələ, Quba, Xaçmaz, Beyləqan, Biləsuvarda fındıq, alma, heyva, tut, gavalı, armud bitkilərindətumurcuqların şişməsi, Tərtər, Göyçay, Zərdabda alça və ərik ağaclarında çiçəklənmə mərhələsi müşahidə edilmişdir.
Ayın ikinci ongünlüyündə temperaturun normadan aşağı düşməsi və şaxtalı hava şəraiti Qəbələ, Oğuz, Zaqatala, Şəki, Mərəzə, Şamaxı və Yardımlıda payızlıq dənli bitkilərdə vegetasiyanın dayanmasına səbəb olmuş, Göytəpədə kartof bitkisində şaxtavurma müşahidə edilmişdir.
Ayın sonlarında Göycayda buğumköklərinin yaranması,Gəncə, Tovuz və Biləsuvarda kollanma, Şəki, Oğuz, Zaqatala, Qəbələ, Zərdab və Qubada buğumbağlama fenoloji mərhələləri qeydə alınmış, Sabirabad, Beyləqan, Cəfərxan və Yardımlıda gövdənin aşağı buğumunun yer səthinə çıxması mərhələsi davam etmişdir. Hava şəraiti aran rayonlarında kənd təsərrüfatı işləri və aqrotexniki tədbirlərin aparılması üçün əlverişli olmuşdur. Əksər aran və dağətəyi rayonlarda heyva, fındıq, qoz, alma, tut, gilas, armud ağaclarında tumurcuqların şişməsi və açılması, alça və ərikdə çiçəklənmə və çiçəklənmənin sonu mərhələləri davam etmişdir. Lənkəran-Astara bölgəsində çay kollarında tumurcuqların, fındıqda isə 1-ci yarpağın açılması mərhələsi müşahidə edilmişdir. Gəncə, Tovuz, Cəfərxan, Şəki-Zaqatalada yonca bitkisində gövdənin böyüməsi və yan budaqların çıxması mərhələsi qeydə alınmışdır.